AZ

"Regionlarda investisiya cəlbediciliyinin artırılması kompleks islahatlar tələb edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Regionlarda investisiya cəlbediciliyinin artırılması ölkənin ümumi iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir və bu sahədə həyata keçirilən tədbirlər genişmiqyaslı yanaşma tələb edir. Regional iqtisadiyyatın gücləndirilməsi təkcə mərkəzi inkişafla kifayətlənməməli, həm də regionlara kapital axını təşviq olunmalıdır. Bunun üçün bir neçə əsas mexanizm xüsusi əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, infrastrukturun inkişafı regionlarda investisiya mühitinin formalaşmasında həlledici rol oynayır. Yolların, kommunikasiya sistemlərinin, enerji təminatının, sənaye zonalarının və logistika mərkəzlərinin müasir tələblərə uyğun qurulması investorlar üçün əlverişli şərait yaratmaqla riskləri azaldır. Xüsusilə sənaye parkları, aqroparklar və texnoparkların yaradılması regionlarda iqtisadi aktivliyi artırır və klaster prinsipi əsasında yeni iş yerlərinin və istehsal sahələrinin yaranmasına təkan verir: "Bundan əlavə, fiskal və maliyyə təşviqləri də böyük əhəmiyyət daşıyır. Regionlara sərmayə yatıran sahibkarlara vergi güzəştlərinin verilməsi, subsidiyaların təqdim olunması, aşağı faizli kreditlərin ayrılması və dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi investorların marağını artırır. Dövlət-özəl sektor tərəfdaşlığı modeli də regional layihələrin səmərəli icrasına imkan yaradan əsas alətlərdən biridir. İnvestisiya mühitinin gücləndirilməsində insan kapitalının inkişafı vacib rol oynayır. Peşə təhsili mərkəzlərinin yaradılması, kadr hazırlığının təkmilləşdirilməsi, regionlarda işçi qüvvəsinin ixtisas səviyyəsinin artırılması investorların ehtiyac duyduğu peşəkar resursları təmin edir. Bu sahədə universitet-sənaye əməkdaşlığı və innovasiya mərkəzlərinin təşkili regional iqtisadiyyatın dayanıqlığını artıran mühüm amildir.

Bundan başqa, idarəetmə sisteminin şəffaflığının və effektivliyinin təmin olunması da xüsusi əhəmiyyət daşıyır. “Bir pəncərə” prinsipi, rəqəmsal icazə və qeydiyyat mexanizmləri, hüquqi mühitin gücləndirilməsi və sahibkarların hüquqlarının qorunması uzunmüddətli və etibarlı investisiya mühiti formalaşdırır. Regionların iqtisadi potensialının tanıdılması və beynəlxalq arenada düzgün marketinq siyasəti aparılması da investisiya cəlbediciliyini artıran mühüm faktordur. Hər bir regionun iqtisadi üstünlükləri, turizm, kənd təsərrüfatı və sənaye imkanları müxtəlif platformalarda effektiv şəkildə təbliğ edilməlidir. Beləliklə, regionlarda investisiya mühitinin gücləndirilməsi kompleks və ardıcıl addımlar tələb edir. İnfrastruktur inkişafı, maliyyə stimulları, insan kapitalının gücləndirilməsi, rəqəmsal və şəffaf idarəetmə modeli regionlara daha çox sərmayə cəlb etməyə imkan verəcək və ölkə iqtisadiyyatının davamlı və balanslı inkişafını təmin edəcək".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
15
1
sia.az

2Mənbələr