“Xarici ölkələrdə məskunlaşıb, özünü "siyasi bloger" kimi təqdim edən, əslində isə mahiyyət etibarilə öz dövlətinə, xalqına qarşı dönüklük və satqınlıq yolunu seçmiş Tural Sadıqlı və onun kimilər Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Qanunun sərt dili ilə cəzalandırılacaqlar. Mühacirlər Azərbaycana gətiriləcəklər, bu proses hüquqi yolla tənzimlənəcək. Artıq Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə onlara qarşı Baş Prokurorluq cinayət işi açıb. Onların Azərbaycana gətirilmələri ilə bağlı hüquqi prosedurlar həyata keçirilir. Bu gün bu prosedurlar bir qədər də intensivləşib. Nəzərə alsaq ki, Avropa ölkələrinin əksəriyyəti ilə Azərbaycanın münasibətləri xeyli yaxşılaşıb. Xüsusilə, Fransa ilə münasibətlərimizdə müəyyən anlaşılmazlıqlar var idi. İndi isə görürsünüz, Prezident Emmanuel Makron cənab İlham Əliyevə necə yaxınlaşır, onunla söhbət etmək, xoş münasibətdə olmaq istəyir. Bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə çox böyük nüfuza sahib olması ilə bağlıdır. Miqyasından asılı olmayaraq istənilən Avropa dövlətinin lideri Azərbaycan Prezidenti ilə təmasa böyük məmnuniyyətlə gəlir. İnanın ki, bu görüşlərin əksəriyyəti onların təşəbbüs ilə baş verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, dünya sürətlə dəyişməkdədir və dəyişən dünyada Azərbaycanın yeri, rolu, çəkisi xeyli artıb: “Bunu görməmək mümkün deyil. Yəqin, hiss edirsiniz, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi ünsürlər, məxluqlar həyəcan içindədirlər. Onların son çıxışlarına baxın. Artıq onlardan biri vəsiyyət də elan edir. Mənasız, boş-boş vəsiyyət… Sadəcə, gülüş obyektinə çevrilirlər. Hamımız da şahidlik edəcəyik ki, onlar bizim qanunvericiliyimizə müvafiq olaraq layiqli cəzalarını alacaqlar. Sizi inandırıram ki, artıq bu ünsürlər əvvəllər bu həqiqətə inanmaq istəmirdilərsə, son zamanlar inanmağa başlayıblar. Həyəcan, təlaş onların nitqlərində, baxışlarında da ifadə olunmaqdadır. Düz edirlər, düz başa düşüblər. İnanıram, buna 100% əminəm ki, onlar Azərbaycana gətiriləcəklər”.
AytəkiN Qardaşova