BAKI, 3 noyabr. TELEQRAF
Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox silah müqaviləsi imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” Fransa Müdafiə Nazirliyinin ölkə parlamentinə təqdim etdiyi hesabata istinadla məlumat yayıb.
Fransa MN-nin sənədində qeyd olunur ki, müdafiə sahəsində əməkdaşlığın şaxələndirilməsi çərçivəsində Ermənistan Fransanın dəstəyinə müraciət edib, məqsəd isə ölkənin müdafiə imkanlarını artırmaq və vətəndaşların təhlükəsizliyini təmin etməkdir.
“Yeni avadanlıqların ixracı, təlimlərin keçirilməsi və əməliyyat fəaliyyəti tamamilə müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransanın müdafiə missiyasının yaradılması erməni tərəfdaşlarla mümkün qədər sıx əlaqələr qurmağa imkan verir və əməkdaşlığı gücləndirməyin ən yaxşı yollarını təqdim edir”, - hesabatda bildirilir.
Hesabata görə, 2022-ci ilə qədər Fransa praktik olaraq Ermənistana silah tədarük etməyib, amma 2023–2024-cü illərdə quru qoşunları üçün bir sıra silah müqavilələri imzalanıb və Ermənistanın hərbi sənaye sahəsində müxtəlif layihələr də müzakirə mərhələsindədir.
Bundan əlavə, Ermənistan-Fransa razılaşması dağlıq ərazilərdə döyüş aparmaq bacarıqlarının artırılmasını əhatə edir.