AZ

Məhkəmə adam oğurluğunda ittiham olunan qazinin vəsatətini təmin etmədi

BAKI, 3 noyabr. TELEQRAF

Azərbaycanda adam oğurluğunda ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Şücaət Rzayev çıxış edib. O bildirib ki, narkomana bir şillə vurub, buna görə qanunsuz mühakimə edilir.

Təqsirləndirlilən şəxs bütün şahidlərin məcburi gətirilməsini istəyib. Hakim şahidlərin barəsində məcburi gətirilmə qərarı çıxarıb. Qərarın icrası üçün Daxili İşlər Nazirliyinə məktəb göndəriləcək.

Daha sonra Təbriz Əliyevin vəkili vəsatətlə çıxış edərək bildirib ki, həm müvəkkili, həm də zərərçəkmiş və şahidlər dindirilib. Əliyev zərərçəkmişlər və şahidlərin ifadəsini dəyişməsinə təsir göstərə bilməz. Vəkil qeyd edib ki, Təbriz Əliyev Vətən müharibəsində iştirak edib, qazidir. Qarşıdan Zəfər bayramı gəlir, bu münasibətlə onun həbsdən azad olunmasını təmin etmək olar.

Dövlət ittihamçısı isə deyib ki, təqsirləndirilən şəxs ağır cinayətlərdə ittiham edilir. O, vəkilin vəsatətin təmin olunmamasını istəyib. Təbriz Quliyev vəsatəti müdafiə edərək deyib ki, atası da onunla birlikdə mühakimə edilir. Heç bir cinayətdən yayınmayacağını deyib və vəsatətin təmin edilməsini xahiş edib.

Daha sonra hakimlər qərar elan ediblər, vəsatət təmin olunmayıb.

Növbəti proses dekabrın 15-də davam edəcək.

Qeyd edək ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb.

Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda deyilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar.

Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.

Qeyd edək ki, sözügüdən cinayət işi üzrə daha 4 nəfər barəsində axtarış elan edilərək onların istintaqa cəlb olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Cinayət işi üzrə Nəzirxan Tofiq oğlu Ağaxanov zərərçəkmiş qismində tanınıb. Təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayandır.

Seçilən
28
teleqraf.com

1Mənbələr