AZ

“Zəfər Günü xalqımızın həmrəyliyinin və azadlıq inamının qələbəyə çevrildiyi gündür” - QHT sədri ilə MÜSAHİBƏ

Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və qələbə ruhunu təcəssüm etdirir. Bu möhtəşəm gün Prezident İlham Əliyevin rəhbərliyi, xalqın əzmi və ordumuzun rəşadəti sayəsində əldə olunan tarixi Qələbənin rəmzidir.

Bu münasibətlə QHT.az ölkənin müxtəlif ictimai birliklərinin rəhbərləri ilə əlaqə saxlayaraq Zəfər Gününün əhəmiyyəti, vətəndaş cəmiyyətinin rolu və gələcəyə baxış barədə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova fikirlərini öyrənib. 

 

Zəfər Günü sizin üçün nə ifadə edir?

Zəfər Günü hamımız üçün xalqımızın tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün həm torpaqlarımızın azad olunmasının, həm də milli ləyaqətimizin bərpasının simvoludur. 30 il davam edən işğal dövrü ərzində xalqımız ümidini heç vaxt itirmədi və dövlətinə, ordusuna güvəndi. 8 Noyabr bu inamın, həmrəyliyin və vətən sevgisinin qələbəyə çevrildiyi gündür.

 

8 Noyabr – Zəfər Günü kimi qeyd edilməsi nəyə görə vacib addımdır?

Zəfər Gününün hər il qeyd olunması, gələcək nəsillər üçün tarix şüurunun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, həm şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsidir, həm də Azərbaycan xalqının birliyini və dövlətçiliyini daim diri saxlayan mənəvi dayaqlardan biridir. Zəfər Günü bizə milli qürur hissi aşılayır və azadlığın hansı dəyərə malik olduğunu xatırladır.

 

İkinci Qarabağ müharibəsində qələbəmizi təmin edən əsas amillərdən biri kimi xalq–iqtidar birliyini necə qiymətləndirirsiniz?

Qələbənin təməlində xalq-iqtidar birliyi dayanır. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi ilə xalq, ordu və dövlət bir məqsəd uğrunda birləşdi. Bu birliyin nəticəsində həm döyüş meydanında, həm də diplomatik sahədə tarixi nailiyyət əldə etdik. Hər bir vətəndaşın içindəki vətən sevgisi, səfərbərlik ruhu bu qələbənin əsas hərəkətverici qüvvəsinə çevrildi.

 

QHT sektoru bu birlik və milli həmrəyliyin qorunmasında hansı rolu oynayır?

QHT-lər cəmiyyətlə dövlət arasında körpü rolunu oynayır. Bu səbəbdən milli həmrəyliyin qorunmasında onların fəaliyyəti çox önəmlidir. QHT sektoru ictimai maarifləndirmə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli kimlik dəyərlərinin təbliği istiqamətində mühüm işlər görə bilər. Xüsusilə, regionlarda fəaliyyət göstərən təşkilatların bu prosesə aktiv qoşulması həm sosial birliyi, həm də milli ideologiyanın güclənməsini təmin edir.

 

Zəfərdən sonra vətənpərvərlik tərbiyəsi, şəhid ailələri və qazilərlə iş sahəsində QHT-lərin fəaliyyəti necə güclənməlidir?

Zəfərdən sonrakı dövr QHT-lər üçün yeni məsuliyyət mərhələsidir. Bu istiqamətdə fəaliyyətlər daha sistemli və uzunmüddətli olmalıdır. Şəhid ailələrinin və qazilərin sosial reabilitasiyası, psixoloji dəstəyi, onların həyat keyfiyyətinin yüksəldilməsi və təbii ki, Vətən Müharibəsi qəhrəmanlarının, şəhid və qazilərin tanıdılması istiqamətində layihələr prioritet təşkil etməlidir. Eyni zamanda, vətənpərvərlik tərbiyəsi proqramları məktəblərdə və icmalarda davamlı xarakter almalıdır. Bu, həm mənəvi borcumuz, həm də gələcəyə sərmayəmizdir.

 

Zəfər Günü gələcək nəsillər üçün hansı mənəvi mesajı daşıyır?

Zəfər Günü gələcək nəsillərə qürur, azadlıq sevgisi və milli irsə sədaqət mesajı verir. Bu gün göstərir ki, birlik və ədalət uğrunda mübarizə aparan xalq heç vaxt məğlub olmur. Uşaqlar və gənclər üçün bu tarix, sadəcə qələbə deyil — vətən sevgisinin, mərdliyin və milli kimliyin dərsidir.

 

Azərbaycan dövlətinin gücünü və xalqın birliyini dünyaya göstərən bu günün beynəlxalq miqyasda tanıdılması istiqamətində hansı təşəbbüslər vacibdir?

Bu istiqamətdə QHT-lər, diaspor təşkilatları və media birgə fəaliyyət göstərməlidir. Xaricdəki Azərbaycan icmaları Zəfər Gününü beynəlxalq tədbirlər, konfranslar və sərgilər vasitəsilə dünyaya tanıda bilər. Həmçinin, ingilis və digər xarici dillərdə materialların hazırlanması, sənədli filmlərin və sosial media kampaniyalarının keçirilməsi mühüm addımlardandır. Zəfər Gününün mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq Azərbaycanın haqq səsinin və ədalətinin təbliğidir.

 

Pərvanə Fərhadqızı

Seçilən
30
qht.az

1Mənbələr