AZ

Amerikalı ekspert: Trampın nüvə sınağı açıqlamasının qlobal güc balansını necə dəyişdirəcəyi bəlli deyil

Vaşinqton, 3 noyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar aparmaqdan boyun qaçırmasından Prezident Donald Trampın davamlı məyus olması onun nüvə sınaqlarını bərpa etməsini açıqlamasına başlıca səbəb ola bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks deyib.

O bildirib ki, Trampla Putin arasında qarşıdakı həftələrdə Budapeştdə keçirilməsi planlaşdırılan görüş müharibənin necə başa çatacağı ilə bağlı fikir ayrılıqlarına görə oktyabrın 21-də ləğv edilib və Trampın özünün dediyi kimi, o, görüşün boşuna keçirilməsini istəməyib. Onun sözlərinə görə, ola bilsin ki, ləğv edilmiş görüşə cavab olaraq, ötən həftə sonu Rusiya iki yeni silahının - raketin və nüvə başlıqları daşıya biləcək sualtı pilotsuz təyyarənin sınaqdan keçirildiyini elan edib.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-ın Rusiyanın uzaq ərazilərinə zərbə endirməyə qadir “Tomahawk” raketləri əldə etmək istəyi və Trampın bu cür silahların tədarükünə açıq olması Moskvanı narahat etdi və Kremlin bunun yeni eskalasiya mərhələsi olacağı barədə xəbərdarlıq etməsinə səbəb oldu. Budapeşt görüşünün ləğv edilməsinə və Rusiyanın bu iki nüvə silahını sınaqdan keçirməsinə cavab olaraq, Tramp ABŞ-ın nüvə sınaqlarını bərpa edəcəyini açıqladı. Lakin onun nüvə silahlarını partlatmaqdan, yoxsa nüvə silahı daşıya bilən silah sistemlərini sınaqdan keçirməkdən danışdığı hələlik bəlli deyil”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, Trampın açıqlaması Cənubi Koreyada Çinin Sədri Si Cinpinlə görüşdən bir qədər əvvəl verildi və bu, təkcə Moskvaya deyil, həm də hərbi modernləşmə həyata keçirən və Şərqi Asiyada hegemon ambisiyaları olan Çinə Amerikanın gücü barədə siqnaldır.

Stefan Bruksun fikrincə, nüvə silahına malik heç bir dövlətin nüvə müharibəsi istəmədiyi nəzərə alınarsa, Trampın bu açıqlamasının qlobal güc balansını necə dəyişdirəcəyi bəlli deyil, lakin bunun, şübhəsiz ki, Amerika ilə Rusiya və bəlkə də Çin arasında gərginliyi artırmaq ehtimalı var.

“Bundan əlavə, bu, ABŞ, Rusiya və hətta Çin tərəfindən yeni nüvə silahı sınaqlarına səbəb ola bilər. Nəhayət Şimali Koreyanın necə reaksiya verəcəyi daha0 bir qeyri-müəyyən amildir. Bu əsrdə nüvə sınağı həyata keçirən yeganə dövlət kimi rəsmi Pxenyan yeni sınaqlar üçün bu bəyanatdan istifadə edə bilər.

Əgər ABŞ nüvə silahı daşıya bilən silah sistemlərini sınaqdan keçirmək əvəzinə, nüvə sınaqlarını bərpa etsə, bu, 1968-ci il Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin pozulması demək olacaq. Daha narahatedici məqam isə odur ki, yenilənmiş nüvə sınaqları ABŞ ilə Rusiya arasında yeni silahlanma yarışına səbəb ola bilər. Hər iki dövlət arasında son nüvə silahı müqaviləsi olan Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti 2026-cı ilin fevralında başa çatır. Əgər Tramp açıqlamasının üstündə dayanarsa bu, onun ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmaq və ölkənin milli təhlükəsizliyini zəiflətdiyi üçün tənqid etdiyi beynəlxalq normalara meydan oxumaq səylərinə nümunə olacaq”,- deyə amerikalı ekspert vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
31
1
azertag.az

2Mənbələr