ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“Ramiz Mehdiyevlə bağlı bütün məsələlər istintaq tərəfindən araşdırılır. Düşünürəm ki, ciddi əsaslar olmasaydı, dövlət bu məsələni qaldırmazdı”.
Bu sözləri siyasi şərhçi Əli Mustafa “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Ramiz Mehdiyevin dövlət əleyhinə bütün əməlləri istintaqın gedişində ortaya çıxacaq:

“Vətənə xəyanət və dövlət çevrilişinə cəhd çox ağır ittihamlardır. Cinayət Məcəlləsində onlardan ağır ittihamlar yoxdur. Üstəlik, Ramiz Mehdiyev dövlətin ən yüksək statuslu şəxslərindən biri olub. Bu səbəbdən də ona qarşı belə ciddi ittihamların əsassız olmadığını düşünürəm”.
Ekspert Ramiz Mehdiyevin Rusiyaya çalışması barədə də danışıb:
“Ramiz Mehdiyevin “5-ci kolon”da hansısa statusda olduğunu bilmirəm. Lakin Rusiyanın Azərbaycanda “5-ci kolon”unun və böyük şəbəkəsinin olduğunu bilirəm. Bu şəbəkə ölkəmizin müstəqilliyinə hər zaman təhdiddir.
Xüsusilə müstəqillik dönəmində Rusiya hər zaman daxili işlərimizə müdaxilə etməyə çalışıb. Kreml keçmiş Sovet respublikalarında Rusiyanın maraqlarına xidmət edən siyasət yürüdülməsini istəyir. Bütün bunların fonunda dövlətin atdığı addımların doğru olduğu göz önündədir. Rusiyanın ölkəmizdəki “5-ci kolon”u və şəbəkəsi zərərsizləşdirilməlidir”.
Həmsöhbətimiz Ramiz Mehdiyevin “Dövlət Şurası” ideyasından da söz açıb:
“Ramiz Mehdiyev Rusiyaya yazdığı məktubda “Dövlət Şurası” yaratmaq istəyindən bəhs edir. Lakin bu, Azərbaycan Konstitusiyasına tamamilə ziddir. Bu, birmənalı şəkildə dövlət quruluşunu dəyişdirməyə, çevrilişə cəhddir. Həmin siyahıda bu gün və ya vaxtilə yüksək vəzifələrdə olmuş şəxslərin adları ola bilər.
Xüsusilə Rusiyaya yaxın adamların adının o siyahıda olma ehtimalı daha böyükdür. Yəqin ki, hansısa partiya sədrləri, deputatlar və ya məmurların adları Ramiz Mehdiyevin “Dövlət Şurası”nda qeyd olunub. İstintaq zamanı dəqiq adlar ortaya çıxıb”.
O deyib ki, Ramiz Mehdiyev hər zaman milli-demokratik cameəni kənarda qoyub:
“O, milli qüvvələri kənarda saxlayıb. Biz də bu diskriminasiyanı yaşamışıq. Ümumiyyətlə, Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı mexanizmlərini gücləndirib”.
Elmir Mustafa
“Cebheinfo.az”
Açar sözlər:
Ramiz Mehdiyev Əli Mustafa
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.