AZ

“Yeni bir “Türk yüksəlişi” başlaya bilər”

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Zəngəzur dəhlizi həm regional, həm də qlobal iqtisadi-siyasi sistem üçün strateji önəm daşıyır. Bu dəhliz Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirən, eyni zamanda Türkiyəni birbaşa Mərkəzi Asiya ilə bağlayan nəqliyyat və logistika marşrutudur. Dəhlizin açılması ilə Bakı-Naxçıvan-Qars xətti tam quru bağlantısına çevriləcək, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında fasiləsiz ticarət xətti formalaşacaq, Qafqaz regionu Şərq–Qərb və Şimal–Cənub nəqliyyat arteriyalarının kəsişmə nöqtəsinə çevriləcək”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O əlavə edib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, Türkiyə, Gürcüstan, Orta Asiya ölkələri və hətta Avropa üçün mühüm iqtisadi imkanlar yaradır: “Ticarət dövriyyəsi artacaq: Türkiyə–Azərbaycan–Mərkəzi Asiya xətti üzrə malların daşınma məsafəsi və vaxtı azalacaq. Alternativ enerji və logistika marşrutu: Bu, Rusiya və İran üzərindən keçən ənənəvi xətlərin alternativi olacaq. İnvestisiya axını: Naxçıvan və Zəngilan bölgələrində logistika mərkəzləri, sənaye zonaları və gömrük infrastrukturunun formalaşması yeni iqtisadi dinamika yaradacaq. Zəngəzur dəhlizi Türk dünyasının birləşdirici elementi kimi qəbul olunur. Bu TDT-nin praktik inteqrasiyasını gücləndirəcək, Azərbaycan–Türkiyə hərbi-siyasi əməkdaşlığını strateji səviyyədə möhkəmləndirəcək, regionda sülh və sabitlik üçün qarşılıqlı asılılıq mühiti yaradacaq”.

A.Nəsirlinin sözlərinə görə, hazırda Azərbaycan tərəfi Zəngilan istiqamətində avtomobil və dəmir yolu infrastrukturunu sürətlə tamamlayır, Naxçıvanda logistika və sərhəd keçid məntəqələrinin yenilənməsi prosesi gedir, Türkiyə bu layihəni “Orta Dəhliz” (Middle Corridor) təşəbbüsü ilə birləşdirərək Çin–Avropa ticarət xəttinə inteqrasiya etməyi planlaşdırır: “Ermənistanın prosesə yanaşması isə hələlik qeyri-müəyyəndir, lakin regional və beynəlxalq təzyiqlər nəticəsində bu dəhlizin müəyyən mərhələdə açılacağı ehtimalı güclənir. Zəngəzur dəhlizi təkcə bir yol deyil — bu, Türk dünyasının iqtisadi birliyinin və geosiyasi təsirinin real təməlidir. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün qeyd etdiyi kimi yaxın 10 ildə bu xətt üzərində ticarət, sənaye, enerji və mədəni inteqrasiya baxımından yeni bir “Türk yüksəlişi” başlaya bilər”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
icma.az

1Mənbələr