Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində müharibə dövründə həm diplomatik, həm də hərbi istiqamətdə balanslı addımlar atıldı. Azərbaycan Ordusunun texnoloji üstünlüyü, dəqiq planlaşdırılmış əməliyyatlar və müasir taktika sayəsində qısa müddətdə böyük nailiyyətlər əldə olundu. Hərbi əməliyyatlar zamanı həm strateji, həm də mənəvi üstünlük Azərbaycanın tərəfində idi.
Zəfər, beynəlxalq münasibətlərdə yeni reallıqlar yaratdı. Azərbaycanın artan təsir gücü regionda sabitliyin əsas dayaqlarından birinə çevrildi. Rusiya, Türkiyə, İran və Avropa İttifaqı kimi güclər regionda yaranmış yeni düzəni qəbul etdilər. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşərək strateji əlaqələrin mərkəzinə çevrildi.
Postmüharibə dövrü isə sülh və quruculuq mərhələsi kimi yadda qaldı. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri, yeni şəhərlərin salınması və "Ağıllı kənd" layihələrinin icrası bu zəfərin davamı kimi dəyərləndirilir. "Böyük Qayıdış" proqramı təkcə infrastruktur deyil, həm də mənəvi dirçəliş layihəsidir.
Beləliklə, 8 Noyabr təkcə qələbə günü deyil, həm də yeni dövrün başlanğıcıdır. Bu tarix Azərbaycanın güclü dövlətə çevrilməsinin simvoludur. Qalib xalqın iradəsi, Prezident İlham Əliyevin liderliyi və şəhidlərimizin qəhrəmanlığı bu uğurun əsas dayaqlarıdır.
İlham Həsənov
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31