BAKI, 3 noyabr. TELEQRAF
Özbəkistan nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyində görüş keçirib.
Teleqraf xəbər verir ki, tərəflər miqrasiya sahəsində daimi dialoqun və təşkilati mexanizmlərin yaradılması, habelə vətəndaşların statusunun leqallaşdırılması ilə bağlı razılaşma əldə ediblər.
Söhbət nəticəsində sosial müdafiə sahəsində hökumətlərarası sazişin hazırlanması istiqamətində iş prosesinə başlanılıb.
Danışıqlarda Türkiyədə qeyri-qanuni yollarla işləyən Özbəkistan vətəndaşlarının hüquqi statusunun leqallaşdırılması, sənədləşmə proseslərinin sadələşdirilməsi, məsləhət və informasiya dəstəyinin gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər həmçinin tikinti, ictimai iaşə, xidmət kimi sahələrdə müvəqqəti işlə məşğul olan Özbəkistan vətəndaşlarının məşğulluğunun qanuniləşdirilməsi imkanlarını da müzakirə ediblər.
Tərəflər Özbəkistan və Türkiyə arasında sosial müdafiə sahəsində hökumətlərarası sazişin bağlanması imkanlarını hərtərəfli nəzərdən keçiriblər.
Görüş miqrasiyanın tənzimlənməsi, əmək hüquqlarının qorunması, təhlükəsiz və nizamlı iş mühitinin təmin edilməsinə yönəlmiş praktiki əməkdaşlığın davam etdirilməsi haqqında sazişlə yekunlaşıb.