AZ

Nino Tsilosani: Brüssel Gürcüstanda vəziyyəti qarışdırmağa çalışır

BAKI, 3 noyabr. TELEQRAF

“Son illər Brüssel bürokratlarından eşitdiyimiz və gördüyümüz hər şey sadəcə saxta ittihamlar və hücumlar olub, məqsəd isə Gürcüstan hökumətinə hansısa şəkildə zərər vurmaq və vəziyyəti qarışdırmaqdır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib.

“Təəssüf ki, Brüssel bürokratiyası bir tendensiya formalaşdırıb, onların verdiyi siyasi bəyanatlar faktlar və obyektivlikdən tamamilə uzaqdır. Bu səbəbdən Gürcüstanla bağlı real qiymətləndirmə gözləmək mümkün deyil. Son illərdə Brüssel bürokratlarından eşitdiyimiz hər şey yalnız yalan ittihamlar və hücumlar olub, məqsəd Gürcüstanda vəziyyəti qarışdırmaq, hökumətə zərbə vurmaq və öz marionetlərini hakimiyyətə gətirərək, xaricdən bəzi qrupların istədiyi planları həyata keçirməkdir”, - o bildirib.

Nino Tsilosaninin fikrincə, Gürcüstan xalqı bütün bu ədalətsiz yanaşmaları görür:

“Tərəfdaşlar haqqında danışarkən, bəzi bürokratları və siyasətçiləri Qərblə eyniləşdirmək olmaz. Qərb geniş mənada ədalət, əməkdaşlıq və dövlətlərin suverenliyinə əsaslanan bir məkandır. Avropa İttifaqı bizim üçün elə bir ailə idi ki, ora üzv olmaq istəyirdik, çünki orada fərdiliyimizə və suverenliyimizə xüsusi hörmət edilirdi. İndi isə ölkəmizin suverenliyi, daxili qərarları və xalqın seçdiyi hökumətə hücumların şahidi oluruq, bu isə yəqin ki, Avropa Komissiyasının sabahkı hesabatında da açıq şəkildə əks olunacaq”.

Vitse-spiker qeyd edib ki, Gürcüstanı vizasız rejimin ləğvi ilə qorxutmaq cəhdləri də nəticəsiz qalıb: “Bu təhdid artıq öz gücünü itirib, çünki seçim artıq edilib”.

Seçilən
52
teleqraf.com

1Mənbələr