AZ

Ötən il İtaliya 170 minə yaxın daimi miqrant qəbul edib

Roma, 3 noyabr, AZƏRTAC

İtaliya 2024-cü ildə 169 min uzunmüddətli və ya daimi miqrant qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) beynəlxalq miqrasiya ilə bağlı hesabatında deyilir.

Bildirilib ki, həmin miqrantların 23 faizi Avropa İttifaqı öhdəlikləri çərçivəsində, 10 faizi peşə fəaliyyəti ilə bağlı, 61 faizi ailə səbəbindən və 5 faizi humanitar əsaslarla qəbul olunub. Həmçinin keçən il İtaliyada tələbələrə 20 min, müvəqqəti və mövsümi miqrant işçilərə isə 17 min 300 yaşayış icazəsi verilib.

Ukrayna, Albaniya və Rumıniya İtaliyaya gələn miqrantların üç əsas mənşə ölkəsidir. Ukrayna və Albaniyadan gələnlərin sayının artmasına baxmayaraq 2024-cü ildə ümumilikdə qəbul edilən miqrantların sayı əvvəlki illə müqayisədə 16 faiz azalıb.

Bundan başqa, ötən il ilk dəfə İtaliyada sığınacaq üçün müraciət edənlərin sayı 16 faiz artaraq 151 minə çatıb. Onların əksəriyyəti Banqladeş, Peru və Pakistan vətəndaşları olub.

Ötən il 152 min İtaliya vətəndaşı OECD ölkələrinə emiqrasiya edib. Onların təxminən 32 faizi İspaniyaya, 15 faizi Almaniyaya, 13 faizi isə İsveçrəyə gedib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
34
3
azertag.az

4Mənbələr