ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə vacib bir məqama diqqət yetirməyi tövsiyə edib.
Avtosfer.az xəbər verir ki, bir çox hallarda sürücülər işıqfora yaxınlaşarkən dirəyə və ya onun alt hissəsinə həddindən artıq yaxın dayanırlar ki, bu da təhlükəli vəziyyətlər yaradır.
Məşqçi bildirir ki, svetofor dirəklərinə çox yaxın dayanmaq sürücünün görmə bucağını məhdudlaşdırır:
“Əgər siz svetoforun dirəyinə çox yaxın dayanarsınızsa, işıqlar yuxarıda qalır və siz onları görmürsünüz. Bəzən sürücü məcbur olur, boylanıb baxsın, bəzən isə ümumiyyətlə svetoforun işığını görmür. Nəticədə, svetoforun rəngi dəyişəndə bundan xəbərsiz qalır.”
Aqil Rəhimov əlavə edib ki, bu cür hallarda başqa təhlükə də yaranır:
“Arxadakı sürücü hövsələsizlik edib, qırmızı işıq yanarkən siqnal verə bilər. Siz isə svetoforu görmədiyiniz üçün elə biləcəksiniz ki, artıq yaşıl işıq yanıb və hərəkətə başlayacaqsınız. Bu, həm cərimə ilə, həm də qəza ilə nəticələnə bilər.”
Məşqçi sürücülərə məsləhət görür ki, svetoforlara yaxınlaşarkən məsafəni düzgün saxlasınlar:
“Elə məsafə saxlayın ki, svetoforun bütün işıqları aydın görünsün. Yaxın dayanmaq sizə vaxt qazandırmır, əksinə, həm sizi, həm də digər hərəkət iştirakçılarını riskə atır.”
Aqil Rəhimovun sözlərinə görə, bu cür sadə qaydalara əməl etmək həm təhlükəsizlik, həm də intizam baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.