AZ

Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu öz işinə başlayıb YENİLƏNİB VİDEO

Azertag saytına istinadən ain.az xəbər verir.

Antalya, 3 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu öz işinə başlayıb.

Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır.

Nazir deyib ki, forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun əsas hədəfidir.

“Biz istəyirik ki, hər bir mədəniyyət elçimiz Azərbaycanın zəngin irsini, dəyərlərini və bədii düşüncə tərzini yaşadığı ölkədə fəxrlə nümayiş etdirsin. Bu həm də mədəniyyət diplomatiyamızın güclənməsinə, ölkəmizin beynəlxalq imicinin daha da möhkəmlənməsinə töhfə verəcək”, - deyə Adil Kərimli əlavə edib.

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, ötən il ərzində dünyanın müxtəlif ölkələrində soydaşlarımız tərəfindən 800-dən çox mədəni tədbirlər, layihələr və təşəbbüslər həyata keçirilib.

O vurğulayıb ki, Mədəniyyət Nazirliyi başda olmaqla bütün dövlət qurumları bu prosesə həssaslıqla yanaşır və hər bir təşəbbüsə dəstək göstərir: “Biz böyük layihələri mütləq şəkildə birgə – nazirliklərin və aidiyyəti qurumların iştirakı ilə həyata keçiririk. Çünki onlar bu sahənin içindədirlər və öz konsepsiyalarına uyğun olaraq layihələrin reallaşmasına mühüm töhfələr və təkliflər verirlər”.

Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov deyib ki, Forum Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, diasporumuzun gücləndirilməsi və xaricdə yaşayan soydaşlarımızın birliyi üçün böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, Forum çərçivəsində irəli sürüləcək yeni ideyalar və təşəbbüslər Azərbaycanın dünyada daha geniş formada tanınmasına və mədəniyyətimizin möhkəmlənməsinə xidmət edəcək.

Sonra "Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarxın nümayişi olub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Forumun Azərbaycan ilə xaricdə yaşayan soydaşlarımız arasında mədəni əlaqələrin gücləndirilməsi üçün vacib platforma olduğunu deyib: "Forum, həmçinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və gənc nəslin bu irsi mənimsəməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu bildirib ki, Azərbaycan mədəniyyətinin zənginliyini, tarixi irsini və bədii dəyərlərini dünyaya çatdırmaq çox önəmlidir. Onun sözlərinə görə, bu Forum mədəniyyət elçilərinə öz fəaliyyətlərini daha geniş şəkildə nümayiş etdirmək, ideyalarını paylaşmaq və yeni layihələr həyata keçirmək imkanı verir.

Forumda çıxış edən Azərbaycan Mədəniyyət Elçiləri Forumu TK-nın sədri, Xalq artisti Cahangir Novruzov bildirib ki, bu Forum yalnız mədəniyyətimizin tanıdılması üçün bir platforma deyil, həm də xaricdə yaşayan mədəniyyət xadimlərinin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və gələcək layihələr üçün yeni ideyaların yaranması üçün əvəzsiz bir fürsətdir.

Daha sonra Azərbaycan mədəniyyətinin inkişafına beynəlxalq aləmdə təbliğinə töhfə verən incəsənət nümayəndələri təltif edilib və birgə xatirə fotosu çəkdirilib.

Forum çərçivəsində "Mədəniyyət elçiləri" rəqəmsal portalı və "Milli dilli" layihəsinin təqdimatı keçiriləcək.

Tədbir çərçisində üç panel müzakirənin təşkili, eləcə də xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin hesabat iclaslarının təşkili nəzərdə tutulur.

Həmçinin Forum çərçivəsində Antalyada keçirilən “Mədəniyyət Yolu” Festivalında Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı da planlaşdırılır.

Qeyd edək ki, Forum noyabrın 5-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
azertag.az

1Mənbələr