8 Noyabr Azərbaycanın qüdrət dastanıdır
8 noyabr təkcə təqvim tarixi deyil, millətin tarixi yaddaşının oyanışı, qırılmış ümidlərin bərpası və təntənəsidir. Bu gün, 44 günlük Vətən müharibəsinin kulminasiya nöqtəsi, qədim Şuşanın işğal zəncirini qırıb azadlığa qovuşduğu, Azərbaycanın yenilməzlik ruhunun göylərə ucaldığı Zəfər Günüdür.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı o birliyi yaratdı ki, onun qarşısında heç bir qala, heç bir illüziya dayana bilməzdi. Bu Qələbəyə aparan yol, uzun illərin gərginliyi, məqsədyönlü hazırlığı, strategiya səbri və dəmir iradəsi ilə yoğrulmuşdu. Cənab Prezident İlham Əliyev beynəlxalq tribunalardan dəfələrlə müraciət etdi: "Bizim torpaqlarımız işğal altındadır, biz bu reallıqla barışmayacağıq. Azərbaycan xalqı hey vaxt işğalla barışmayacaq”.
Praqmatik Lider olan cənab İlham Əliyev uzun illər ərzində Azərbaycan iqtisadiyyatının müstəqilliyini təmin etdi, Ordunu dövlət siyasətinin əsas sütununa çevirdi. Beynəlxalq hüquq və BMT normaları uzun müddət ərzində həyata keçirilən tədbirlərə görə hərbi əməliyyatlara başlamaq üçün tam hüquqi əsaslar verirdi. Dəmir Yumruq zərurətdən doğdu, ədalətin bərpası üçün tək yol oldu. Sentyabrın 27-də başlayan əməliyyat 44 günlük şücaət dastanı ilə nəticələndi. Bu döyüş tanklar, toplar savaşı deyil, ruhların, iradələrin mübarizəsi idi. Əsgərimiz, əliyalın dağa dırmaşaraq, sinəsini sipər edərək qəhrəmanlıq timsalı yaratdı. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın azad edilməsi ilə Azərbaycan xalqında Qələbəyə olan inam daha da artdı.
Lakin Zəfərin əsas möhürü 8 noyabrda – Şuşada vuruldu. Şuşa Azərbaycanın müqəddəsliyi, ürəyinin döyüntüsü idi. Prezident İlham Əliyev dedi: “Şuşasız bizim qələbəmiz yarımçıq olacaq”. Və bu sözlərə əməl olundu. Şuşa əməliyyatı hər bir savaş və hərb elmi üçün unikal bir örnək, əsgərlərimizin Vətən sevgisinin və cəsarətinin zirvəsi oldu. Şuşanın azadlığı ilə bərabər erməni ordusu yerlə-yeksan edildi və Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan, siyasi iradənin təzyiqi ilə geri alındı.
Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan xalqını "Dəmir Yumruq" ətrafında birləşdirən Qələbə idi. Bu, milli iradənin gücü, hər bir idarəçinin arxasında durduğu, siyasi təşkilatlarla dövlətin birliyi idi. “Dəmir Yumruq” təkcə silahlı qüvvələrin deyil, həm də Türk birliyinin, Türkiyə-Azərbaycan qardaşlığınən möhürü idi.
Azərbaycan, qalib ölkə olaraq, şəhid ailələrinə və qazilərinə olan borcunu ən yüksək səviyyədə icra edir. Şəhid ailələri və müharibə əlilləri 6 mindən çox mənzil və fərdi ev ilə təmin edilmiş, “YAŞAT” Fondu vasitəsilə yüzlərlə şəxsə kompleks sosial-psixoloji və tibbi dəstək təmin edilmişdir.
Bu gün işğaldan azad edilmiş torpaqlarda “Böyük Qayıdış” strategiyası ilə yenidənqurma işləri davam edir. Füzuli, Zəngilan və Laçında inşa edilmiş beynəlxalq hava limanları, "Zəfər Yolu" və "Xarıbülbül" simvolu ilə yenidən doğulan Qarabağ, Azərbaycanın bütün gücünü bir daha dünyaya göstərdi və göstərməkdə davam edir.
2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri isə suverenliyimizin tam bərpası ilə nəticələndi, separatizmə və terrora son qoyuldu.
8 Noyabr – Azərbaycanın müstəqilliyinin və ərazi idarəsinin tam bərpası yolunda atılmış ən qətiyyətli addımın, Lider-Xalq-Ordu birliyinin əbədi simvoludur. Bu, gələcək nəsillərə əmanət edilən qurur və şərəf səhifəsidir.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini