AZ

Ölümcül xəstəliklərin sirri açıldı

Ölümcül xəstəliklərin sirri açıldı

Viskonsin Universitetinin tədqiqatçıları “RPA” adlı proteinin xromosomları qoruyaraq ölümcül xəstəliklərin qarşısını almaqda kritik rol oynadığını kəşf ediblər. Bu nəticələr bəzi xərçəng və sümük iliyinin xəstəliklərinin səbəbini izah edir.

ABŞ-ın Viskonsin-Medison Universitetindən olan alimlər uzun müddət səbəbi məlum olmayan ölümcül xəstəliklərin arxasındakı bioloji mexanizmi aşkar ediblər. Science jurnalında dərc olunan araşdırmaya görə, “RPA” adlı protein xromosomların uclarında yerləşən telomerləri qoruyaraq genetik sabitliyi təmin edir. Bu proteindəki qüsurlar telomerlərin qısalmasına səbəb olaraq aplastik anemiya, miyelodisplastik sindrom və akut miyeloid leykoz kimi ciddi xəstəliklərə yol açır.

Telomerlər DNA-nın uclarında yerləşən qoruyucu qabıq rolunu oynayır. Yaşlanma prosesi ilə təbii şəkildə qısalan bu bölgələrdəki balanssızlıq erkən yaşlanma və hüceyrə zədələnməsinə səbəb ola bilər. Araşdırma qrupu telomerləri təmir edən “telomeraz” fermentini dəstəkləyən proteinləri öyrənərək RPA-nın bu prosesdə əsas rolunu ortaya çıxarıb.

Süni intellekt əsaslı AlphaFold proqramı ilə aparılan modelləşdirmələr göstərib ki, RPA telomerazı aktivləşdirir və beləliklə DNA-nın sağlam şəkildə qorunmasını təmin edir. Laboratoriya testləri də bu nəticələri təsdiqləyib.

Tədqiqatın rəhbəri Prof. Ci Ji Lim bildirib ki, bəzi xəstələrdə telomerlərin niyə anormal şəkildə qısa olduğunu anlaya bilmirdilər. Lim qeyd edib ki, indi bunun RPA-nın telomerazı stimullaşdıra bilməməsi ilə əlaqəli olduğunu bilirlər.

Alimlər qeyd edirlər ki, dünyanın müxtəlif ölkələrindən həkimlər xəstələrində müşahidə olunan genetik mutasiyaların RPA funksiyasına təsir edib-etmədiyini öyrənmək üçün onlarla əlaqə saxlayır. Prof. Lim əlavə edib ki, bu kəşf xəstələrə niyə xəstələndiklərini izah edə bilməyimiz baxımından böyük bir addımdır.

Alimlərin fikrincə, RPA-nın rolunu başa düşmək gələcəkdə erkən diaqnostika və fərdi müalicə üsullarının inkişafında mühüm dönüş nöqtəsi olacaq.

Seçilən
28
afn.az

1Mənbələr