BAKI,TurkicWorld, Nailə Babazadə
Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid, ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozduğunu və bu dronların Pakistan ərazisindən keçərək daxil olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Mücahid “Tolo News” telekanalına açıqlamasında deyib ki, İstanbulda keçirilən danışıqlarda Pakistan tərəfi Əfqanıstan ərazisinin onlara qarşı istifadə edilməməsini tələb edib, eyni şəkildə Kabil də Pakistan ərazisinin və hava məkanının Əfqanıstana qarşı istifadəsinə etirazını bildirib.
“Doğrusu, Amerika dronları Əfqanıstan səmasında fəaliyyət göstərir, Pakistan hava məkanından keçərək bizim hava məkanımızı pozurlar. Biz Pakistan hökumətindən bu vəziyyətin qarşısını almağı tələb etmişik,” – deyə Mücahid vurğulayıb.
Əfqan rəsmisi bildirib ki, Əfqanıstan və Pakistan arasında Doha və İstanbulda aparılan danışıqlarda hələlik həll olunmayan yeganə məsələ Pakistan Talibanu (TTP) problemidir. İslamabad hökuməti Əfqanıstandan Pakistan daxilində TTP-nin fəaliyyətini məhdudlaşdırmağı istəyib, lakin Kabil bu məsələnin öz səlahiyyətindən kənar olduğunu bəyan edib.
Zabihullah Mücahid ABŞ-ın 2001-ci ildəki işğalından sonra ölkədə yerləşən ən böyük hərbi baza – Baqram Hərbi Bazasına da toxunaraq bildirib ki, “bu bazanı ələ keçirməyə çalışan və ya keçmişdə Əfqanıstanla qarşıdurmada olan bəzi qüvvələr bölgədə təxribatlar və təzyiqlərlə sabitliyi pozmaq niyyətindədir”.
Xatırladaq ki, Pakistan və Əfqanıstan arasında baş verən sərhəd toqquşmalarının ardından 15 oktyabrda elan edilən 48 saatlıq atəşkəs, Türkiyə və Qətərin dəstəyi ilə Doha danışıqlarının sonuna qədər uzadılmışdı.
Doha görüşlərinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da qatılmışdı.
Müzakirələrin əsas mövzusunu “atəşkəsin uzadılması və son sərhəd qarşıdurmalarının həlli” təşkil edib. 14 saat davam edən danışıqların sonunda tərəflər razılığa gəlib və texniki komitənin ilk iclasının İstanbulda keçirilməsi qərara alınıb.
Bu məqsədlə Pakistan və Əfqanıstan nümayəndə heyətləri 25–30 oktyabr tarixlərində İstanbulda görüşüblər.