AZ

Əziz Ələkbərli: “Bəziləri bilərəkdən fikir yayırdı ki, guya Qərbi Azərbaycan İcması tarixin arxivinə veriləcək“

“Biz o torpaqlara turist kimi yox, əbədi sahibləri kimi qayıdacağıq”

“Qərbi Azərbaycana qayıdış - millətin namus və təhlükəsizlik məsələsidir”

Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Qərbi Azərbaycan mövzusu yenidən ictimai və siyasi diskussiyaların mərkəzinə çevrilib. Hazırda erməni mediasında qurumun ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Erməni mətbuatında bu istiqamətdə aparılan təbliğat kampaniyası təsadüfi deyil. Çünki Qərbi Azərbaycana qayıdış ideyası artıq Azərbaycan dövlətinin və cəmiyyətinin milli təhlükəsizliyi, tarixi ədalət və mənəvi borc məsələsi kimi formalaşıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bu və digər məsələlər ilə bağlı Musavat.com-a danışıb.

İcma sədri müsahibəsində Qərbi Azərbaycana qayıdışın hüquqi və mənəvi əsaslarından, eləcə də Ermənistanın bu proseslə bağlı narahatlıqlarından danışıb.

Müsahibəni təqdim edirik:

- Bu ilin 8 avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin paraflanmasından sonra bəzi sosial şəbəkələrdə Qərbi Azərbaycan İcmasının ləğvi ilə bağlı iddialar dolaşdı. Hazırda erməni mediasında qurumun ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Sizcə, bu informasiyaların məqsədi nədir və arxasında kimlər dayana bilər?

- 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşləri, şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində irəliyə doğru atılmış çox mühüm addımdır. Xüsusilə Azərbaycan və Ermənistan liderləri tərəfindən sülh sazişinin paraflanması tarixi hadisədir. Lakin hələ hər şey demək deyil, hələ sülh sazişi bağlanmayıb, sülh sazişi üçün Ermənistan müəyyən şərtlərə əməl etməlidir. İlk növbədə Azərbaycana ərazi iddiasının təsbit olunduğu Ermənistan konstitusiyası dəyişməlidir. Lakin təəssüf ki, hətta bizdə də bəziləri elə hesab etdi ki, sənədin paraflanması ilə bütün məsələlər bitdi və Ermənistan dərhal “böyük Ermənistan” ideyasından, yəni region dövlətlərinə ərazi iddiasından imtina edib, hər kəsə dost olacaq. Belələri ya Ermənistanın tarix səhnəsində mövcud olduğu son 100 ildə keçdiyi yolu, atdığı addımları yaddan çıxarırlar, ya da erməni deyilən toplumu, onun necə idarə olunduğunu, erməni cəmiyyətində erməni kilsəsinin və erməni diasporunun rolunu yaxşı bilmirlər. Elə ona görə də ilk gündəcə sadəlövhcəsinə düşünənlər oldu ki, bundan sonra daha Qərbi Azərbaycan İcması tarixin arxivinə veriləcək.

Digər bir qrup bunun belə olmadığını bilə-bilə İcmanın ləğvi fikrini yaymağa çalışdı. Bu ikinci qrup daha çox beşinci kalon nümayəndələri idi. Lakin hər iki qrup birdəfəlik bilməlidir ki, Qərbi Azərbaycana qayıdış məsələsi ilk növbədə millətin namus və şərəf məsələsidir.

İkincisi, Azərbaycan dövlətinin və millətinin gələcək təhlükəsizliyi və bu təhlükəsizliyə təminat məsələsidir.

Üçüncüsü, ata-baba ocağından, doğulub boya-başa çatdığı evindən və elindən vəhşicəsinə qovulmuş Qərbi Azərbaycan qaçqınlarının müstəsna hüququ və haqqıdır. Heç kəsə də onlara “öz evinə qayıtmaq hüququndan imtina elə” demək hüququ verilməyib. Amma digər tərəfdən, Qərbi Azərbaycan İcmasının ləğvi barədəki informasiyanın Ermənistan mediasından qaynaqlanması məsələsi də çox şey deyir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması olaraq biz bu iddianı dərhal təkzib etsək də, erməni mediasında qurumun ləğv ediləcəyi ilə bağlı məlumatlar hələ də tirajlanmaqdadır. Çünki ermənilər dərk edirlər ki, biz tələbimizdə haqlıyıq, bizim tələbimiz beynəlxalq hüquqa söykənir.

Sonuncu deportasiya zamanı indiki Ermənistandan qovulan insanlar məhz Qarabağ müharibəsinin tərkib hissəsi kimi qovulublar və müharibə bitib, sülh sazişi bağlanır, deməli, müharibənin nəticələri də aradan qaldırılmalıdır, o cümlədən qaçqınların da taleyinə aydınlıq gətirilməlidir. İnsanlar öz evlərinə qayıtmaq istəyir. Burada qeyri-adi nə var ki?! Buna heç bir qanun, heç bir güc “yox” deyə bilməz. Ermənilər bilir ki, biz qayıdışımızda qərarlıyıq və mütləq qayıdacağıq, ona görə də Qərbi Azərbaycana qayıdış məsələsini gündəmdən çıxarmaq  üçün bütün vasitələrə əl atırlar.

- Ermənistan tərəfi Qərbi Azərbaycan məsələsindən çox narahatdır və guya “sülhə mane olan amil” kimi təqdim etməyə çalışır. Bu arqumentlərə cavabınız nədir?

- Ermənistan tərəfi onu da yaxşı bilir ki, bu gün dinc yolla doğma yurduna, evinə qayıtmaq istəyən insanlar o torpaqların əzəli sakinləridir. Ermənilərin əksəriyyəti isə o torpaqlara son iki yüz ildə köçürülüb gətiriliblər. Yəni ev sahibi evinə qayıdır. Ona görə də narahatdırlar və haqlı narahatdırlar, çünki onlara çətin günlərində qapı açan, onları evinə buraxan, özünün, ac balalarının qabağına çörək qoyan ev sahibinə xəyanət ediblər. Bizim geri qayıdışımızı “sülhə mane olan amil” kimi qələmə vermələri isə tamamilə absurddur, elementar məntiqdən uzaqdır. Ona görə ki, bu iki xalqın - erməni və azərbaycanlıların birgəyaşayışı sülhün yeganə qarantıdır. Bu iki xalq bir-birindən təcriddə qalacaqsa, hansı qarşılıqlı əlaqədən, qonşuluq münasibətindən söhbət gedə bilər?

Bir neçə gün öncə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdi, sabah da erməni nümayəndələr Azərbaycana gələcək, çox yaxşı, bəs sazişdən sonra Ermənistana kimlər gedəcək? Bu gün onları dövlət göndərir, bəs sabah kimlər Qərbi Azərbaycana getməyə maraqlı olacaq? Əlbəttə, o yerlərin insanları. Ermənistan dövləti neyniyəcək, onların gedişinə qadağa qoyacaq? Onda Azərbaycandan heç kəs Ermənistana getməyəcək. Əgər Azərbaycandan heç kəs getməyəcəksə, demək, Ermənistandan da heç kəs gəlməyə cəsarət etməyəcək. Bu, barış olmadı ki. Qarşılıqlı etimadın yeganə şərti birgəyaşayışdır. Mən başa düşürəm, Qarabağdan köçən ermənilərin hamısının Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı ya hərbi, ya da dövləti cinayəti var, onlar gəlməyə qorxurlar, amma Qərbi Azərbaycan qaçqınlarının Ermənistana qarşı belə bir cinayəti yoxdur, biz qayıtmaqdan qorxmuruq, deməli, qarşılıqlı etimadın yaranmasına bizim qayıdışımızdan başlamaq lazımdır. Həm də ona görə lazımdır ki, biz onsuz da qayıdacağıq.

- Sizcə, Qərbi Azərbaycan məsələsinə ictimai maraq son aylarda azalıbmı, yoxsa sadəcə mövzu gündəlik siyasi proseslərin kölgəsində qalıb?

- Şəxsən mən belə bir şey hiss etmirəm. Çünki əvvəla, son aylarda Qərbi Azərbaycan İcması üzvlüyünə daxil olanların sayında xeyli artım var. İkincisi, son aylarda regionlarda Qərbi  Azərbaycan əsilli soydaşlarımızla görüşlər, tədbirlər daha da çoxalıb. Məsələn, təkcə iyul ayında İcmanın nəşr elədiyi tarixi torpaqlarımızda mədəni irsimizə qarşı erməni vandalizmini ifşa edən "Qərbi Azərbaycan irsi" kitabımızın Azərbaycanın 84 şəhər və rayonunda yüksək səviyyədə təqdimatları keçirilib. Elə yenicə arxada qoyduğumuz oktyabr ayında Qərbi Azərbaycana dair iki böyük beynəlxalq tədbir keçirdik. Biri oktyabrın 13-14-də Mərakeşdə, digəri Avropanın çox önəmli şəhəri olan Brüsseldə oktyabrın 27-də. Hər iki tədbirdə İcmanın nüfuzlu rəsmiləri iştirak etdi, xarici mütəxəssislərin dəyərli məruzələri dinlənildi, müzakirələr aparıldı. Ölkə daxilində də əhəmiyyətli dərəcədə fəallıq müşahidə olunmaqdadır. Təkcə oktyabr ayında Saatlı və Quba rayonlarında İcmamızın yeni rayon ofisləri istifadəyə verildi, Tərtər rayonunda, Xızı rayonunun Yeni Yaşma qəsəbəsində Qərbi Azərbaycan mətbəxi ilə bağlı tədbir-festivallar keçirildi. Xaçmazda Körpülü məktəbinin 105 illiyi geniş qeyd olundu. Bakıda İcma tərəfindən Qərbi Azərbaycanın Amasiya rayonunun kəndləri arasında mini futbol və Bakının Xəzər rayonunun məktəbləri arasında mini futbol və voleybol idman növləri üzrə çempionatlar keçirildi. Bu siyahıya Elm və Təhsil Nazirliyi və ADA universiteti ilə birgə əməkdaşlığın nəticəsi olan kitab təqdimatlarını, BDU və Qərbi Azərbaycan İcmasının birgə layihəsi olan “Hər qarışı Vətəndir” adlı məqalə müsabiqəsini və “Qərbi Azərbaycan: Tarixin izi ilə” tədbirini, Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi I Ümumrespublika hekayə müsabiqəsini, QAİ-nin daha bir neçə rayon və kənd icma tədbirlərini, QHT Agentliyi xətti ilə keçirilən çoxlu tədbirləri və daha neçə-neçə digər tədbiri də əlavə etmək istərdim. Sizcə, tək bir ayda Qərbi Azərbaycan mövzusunda bu qədər tədbirin keçirilməsi mövzuya ictimai marağın azalması fikrini söyləməyə haqq verirmi?

- İcmanın əsas fəaliyyəti bu gün hansı istiqamətlərdə cəmlənib?

- Bizim bir hədəfimiz var: ata-baba yurdlarımıza Qayıdış... Bunun bütün detalları bizim fəaliyyətimizin çərçivə sənədi olan Qayıdış Konsepsiyamızda öz əksini tapıb. Şübhəsiz ki, əsas diqqət mərkəzində insanlarımızın Qayıdış ideyası ətrafında təşkilatlanması, millətimiz arasında maarifçilik işinin genişləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulması və dünya ictimaiyyətinə çatdırılması məsələləri dayanır. İcmamız bütün bu istiqamələrdə paralel olaraq mütəmadi iş aparır.

- Qayıdışı necə təsəvvür edirisiniz – turistik səfər kimi, yoxsa ki beynəxlalq hüquqda qayıtmaq kimi, müəyyən bir statuslamı? Bu necə olacaq?

- Qərbi Azərbaycan ərazisi bizim ata-baba yurdumuz, əzəli və əbədi Vətənimizdir. O torpaqların altında bu gün də bizim əcdadlarımızın məzarları yatır. Düşmən o torpaqların üstünü işğal etsə də, altı hələ də bizim olaraq qalır. Biz o torpaqlara qayıdacağıq, qayıtmalıyıq, qayıtmağa borcluyuq. Bunu bizdən təkcə o torpaqların göylərində uçan əcdadlarımızın ruhları yox, həm də dədə-babalarımızın əti-sümüyü, qanı-canı ilə yoğrulmuş o torpaqların yollarımızı gözləyən, arxamızca boylanan həsrəti tələb edir. Biz o torpaqlara turist kimi yox, o torpaqların əbədi sakinləri və əbədi sahibləri kimi qayıdacağıq. Müzəffər Ali Baş Komandanımızın dediyi və Qayıdış Konsepsiyamızda yazıldığı kimi: təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə! Bizim Qərbi Azərbaycana qayıdışımız bu gün erməni xalqının da maraqlarına cavab verir. Bu gün ermənilər sevinməlidirlər, minnətdar olmalıdırlar ki, biz geri qayıtmaq, onlarla yanaşı yaşamaq istəyirik. Çünki hələ son 200 ili demirəm, elə təkcə son 37 ildə xalqımıza qarşı törətdikləri cinayətlərin, vəhşiliklərin sayı-hesabı yoxdur. Lakin bütün bunlara rəğmən biz yenə də onlara sülh və əməkdaşlıq əlimizi uzadır, birgəyaşayış təklif edirik. Bunu heç bir qalib ölkə heç bir məğlub ölkəyə etməz, erməni kimi bir topluma isə heç etməz, amma biz edirik, bizim Müzəffər dövlət başçımız edir. Qarşı tərəf bunu dəyərləndirmək qabiliyyətini və ləyaqətini özündə tapmalıdır”.

Xalidə Gəray
Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr