AZ

Belçika müdafiə naziri ölkənin “casus əməliyyatı”nın hədəfi olduğunu bildirib

BAKI, 3 noyabr. TELEQRAF

Belçika müdafiə naziri Teo Franken RTBF telekanalına müsahibəsində ölkə üzərində PUA-lardan istifadə olunmaqla “casusluq əməliyyatı” aparıldığını bildirib.

Teleqraf xəbər verir ki, bu bəyanatı noyabrın 1-də Klayne-Broqel hərbi aviabazası üzərində bir neçə dronun görünməsi hadisəsini şərh edərkən verib.

Həmin bazada ABŞ-yə məxsus taktiki nüvə silahı saxlanılır.

Frankenin sözlərinə görə, elektron mübarizə sistemi (REB) dronları zərərsizləşdirməkdə aciz qalıb, hadisə yerinə göndərilən polis helikopteri isə onları tuta bilməyib.

“Bu, çox güman ki, casusluq əməliyyatıdır. Kim tərəfindən edildiyini bilmirəm. Fikirlərim var, amma ehtiyatlı olmaq istəyirəm, istintaq gedir”, - Belçikanın müdafiə naziri bildirib.

Teo Franken hadisəni “peşəkarcasına həyata keçirilmiş əməliyyat” adlandırıb və əsas arqument kimi dronların tezlikləri dəyişməklə REB sistemindən yayınmasını göstərib: “Həvəskarlar bunu edə bilməzdilər”.

Müdafiə naziri əlavə edib ki, oktyabrda digər hərbi baza - Floren üzərində görünən dronlar isə sadəcə “tezliklərin yoxlanılması” və Belçika hökumətinin reaksiyasını sınaqdan keçirmək məqsədi daşıyıb.

Franken hərbçilərin dronları vurmamalarını “hüquqi problemlər”lə izah edib: “Əgər dron vurulsa və nəticədə özəl mülklərə zərər dəysə, bu, iri məhkəmə iddialarına səbəb ola bilərdi”.

Seçilən
13
teleqraf.com

1Mənbələr