"McLaren"in əfsanəvi braziliyalı pilotu Ayrton Sennanın 1991-ci ildə Braziliya Qran-Prisində qalib gəldiyi bolid hərraca çıxarılacaq.
"Unikal" xəbər verir ki, Sotheby’s hərrac evi avtomobilin ilkin satış qiymətini 12-15 milyon dollar arasında qiymətləndirib.
Bildirilir ki, məhz bu bolid Senna üçün xüsusi əhəmiyyət daşıyırdı. Ayrton Senna Braziliya yarışçısı və üç qat Formula-1 dünya çempionudur (1988, 1990, 1991). Senna F1 karyerasına 1984-cü ildə Toleman komandasında başlayıb, daha sonra 1985-ci ildə Lotus-a keçib. 1988-ci ildə isə "McLaren" komandasına qoşularaq ikiqat dünya çempionu Alain Prostun komanda yoldaşı olub. Əfsanəvi pilot 1994-cü ildə San-Marino Qran-Prisində baş verən qəza nəticəsində 34 yaşında həyatını itirib. Britaniyanın "Autosport" jurnalının keçirdiyi sorğuya əsasən, keçmiş və hazırkı Formula 1 pilotları Sennanı tarixin ən yaxşı pilotu kimi qiymətləndiriblər.