Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan bildirib. Vəkilin sözlərinə görə, onların hər ikisi xuliqanlıq və seçki kampaniyasına mane olmaqda ittiham edilirlər. A.Zöhrabyan sosial şəbəkə hesabında yazıb ki, istintaq orqanları onların tutulması və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.
Həbslərə "Respublika" Partiyasından yerli özünüidarəetmə seçkilərində namizəd olan Arutyun Mkrtçyanın feysbukdakı paylaşımı səbəb olub. A.Mkrtçyan bildirib ki, 1 noyabrda katolikosun qardaşı Gevorq Nersisyan oğulları ilə birlikdə onun seçki kampaniyasına mane olub.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a deyib ki, Nikol Paşinyanın kilsə əleyhinə həyata keçirdiyi bu proses ilk növbədə qurumu rusiyayönlü yepiskoplardan, keşişlərdən təmizlənməyə hesablanıb.
Ekspert vurğulayıb ki, II Qaregin konkret 2018-ci ildən Paşinyana qarşı Rusiyanin təlimatları əsasında hərəkət edir:
"Kilsə Paşinyanı hakimiyyətdən devirməyə çalışır. Son 5 ildə baş verən proseslər onu göstərdi ki, Erməni Apostol Kilsəsinin başçısı II Qaregin Nikol Paşinyana qarşı konkret müxalifətdədir. Kilsə siyasi müxalifətin hökumətə qarşı birləşməsi uğrunda mübarizə aparır. Ona görə də Paşinyan ordunu, hüquq-mühafizə sistemini, təhlükəsizlik orqanlarını təmizlədikdən sonra kilsəyə qarşı əməliyyat keçirir”.

Məhəmməd Əsədullazadə: Kilsə siyasi müxalifətin hökumətə qarşı birləşməsi uğrunda mübarizə aparır
Müsahibimiz hesab edir ki, artıq II Qaragenin nüfuzu zədələnib. Rusiyanın dəstəyinə baxmayaraq, Nikol Paşinyan kilsəni bu ünsürlərdən təmizləyəcək:
“Çünki baş nazir həmin keşişləri əxlaqsız sayır, bu vəzifəni daşımağa mənəvi haqlarının çatmadığını deyir. Erməni xalqı da II Qareginə, onun tərəfdarlarına dəstək verməyəcək. Çünki kilsə sülhün, islahatların əleyhinədir və müharibə tərəfdarıdır. Sülh tərəfdarları Paşinyana səs verəcək, onu dəstəkləyəcəklər".
Aydın Baxış