AZ

Nazirlər Kabineti sahibkarlıq subyektləri barədə qərarında dəyişiklik edib

BAKI, 3 noyabr. TELEQRAF

Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında" 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Sənədə əsasən, 2018-ci il 21 dekabr tarixli 556 nömrəli qərarın bir sıra bəndlərinə düzəlişlər edilib. Belə ki, sənədin 2-ci hissəsi ləğv edilib, 3-cü hissədən “aprelin 20-dən gec olmayaraq” ifadəsi çıxarılıb və “Dövlət Statistika Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” ilə əvəz olunub.

Yeni redaksiyaya görə, İqtisadiyyat Nazirliyi il ərzində fəaliyyəti olan, yeni yaradılan və ya ləğv edilən sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyalarına uyğun bölgüsünü təşkil etməli və hesabat ili başa çatdıqdan sonra növbəti ilin mayın 10-dan gec olmayaraq məlumatları Dövlət Statistika Komitəsinə və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə ötürməlidir.

Bundan başqa, “Qeydlər” bölməsinin 4-cü hissəsi də yeni redaksiyada təqdim edilib və 5-ci hissə əlavə olunub. Yeni qaydalara əsasən, sahibkarların hansı kateqoriyaya aid edilməsi barədə qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən ediləcək.

Qərarda həmçinin qeyd olunur ki, əgər sahibkarlıq subyektinin göstəriciləri hesabat ili ərzində dəyişmirsə, onun əvvəlki il üzrə müəyyən olunmuş bölgüsü qüvvədə qalacaq.

Seçilən
50
teleqraf.com

1Mənbələr