Bakı, 3 noyabr, AZƏRTAC
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Laçında Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə agentliyin fəaliyyət sahələri, məşğulluq proqramları və sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görülən işlərdən bəhs olunub.
Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarını qurmağa dəstək göstərilməsi də davam edir. Eyni zamanda, sakinlərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi işləri də aparılır ki, bu da onların əmək bazarına çıxış imkanlarını artırır.
Agentliyin icra etdiyi “İşəgötürənlərlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının sakinlərin işlə təminatında əhəmiyyətli rolu qeyd edilib.
Görüşdə doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub, onların sualları cavablandırılıb, təklifləri dinlənilib.