AZ

Paris “əbədilik” satır

Paris sakinləri məşhur qəbiristanlıqlarda məzar yerləri üçün lotereyada iştirak edə biləcəklər

Noyabrın 3-dən etibarən Fransa paytaxtının sakinləri qeyri-adi bir lotereyada iştirak üçün müraciət edə biləcəklər. Qaliblər şəhərin ən məşhur qəbiristanlıqları - Per-Laşez, Monparnas və Monmartrda yerləşən qədim məzar daşlarının “sahibi” olacaqlar. Onlar bu yerləri beş, on il müddətinə və ya əbədi olaraq əldə edə biləcəklər. Beləcə, Parisdə “əbədilik almaq” artıq bir metafora deyil.

Paris Şurasının yekdilliklə təsdiqlədiyi bu layihə həm praqmatizmi, həm də poeziyanı birləşdirir: məqsəd həm köhnəlmiş abidələri qorumaq, həm də sakinlərə paytaxtın mərkəzində – yeni dəfnlərin artıq mümkün olmadığı yerdə – öz ailə məzarlarını əldə etmək imkanı verməkdir. Layihə təsadüfən deyil, məhz Helouin ərəfəsində elan edilib.

Şəhər qədim qəbiristanlıqlarda yer çatışmazlığı ilə üzləşdiyi üçün sakinlərə özünəməxsus “mübadilə” təklif edir: unudulmuş bir abidəni bərpa edirsən və bunun müqabilində onun altında 10, 30, 50 illik və ya “a perpetuité”, yəni əbədi ailə məzarı əldə edirsən. Lakin “əbədi” mülkiyyətin əsas şərti - məzarın daimi qayğısına qalmaqdır.

3 noyabrdan etibarən 30 ədəd tərk edilmiş türbədən birini “əldə etmək” mümkün olacaq. Əslində söhbət torpaq sahəsinin satışından getmir - torpaq bələdiyyənin mülkiyyətində qalır. Sakinlər yalnız qədim abidəni bərpa edib ondan istifadə hüququ qazanırlar. Qiymətlər simvolik sayılır: abidənin növü və vəziyyətindən asılı olaraq 500-dən 5000 avroya qədər. Amma bu, sadə alış deyil: müqavilə qüvvəyə minməsi üçün yeni sahib abidəni tarixi memarlıq üzrə mütəxəssisin nəzarəti altında bərpa etməlidir. Bunun üçün smeta, maliyyə imkanlarını sübut edən sənəd və qəbiristanlıq idarəsindən təsdiq almaq tələb olunur. Yalnız bütün işlər tamamlandıqdan sonra yeni sahibə bərpa olunan abidənin üzərində yerləşən sahəyə rəsmi “konseksiya” hüququ veriləcək.

Paris üçün, harada ki, Per-Laşez və ya Monparnasda dəfn yalnız nadir hallarda və yalnız şəhər sakinləri üçün mümkündür, bu təşəbbüs olduqca səxavətli sayılır. Amma bu romantik jestin arxasında soyuq hesab da dayanır. Yüzlərlə köhnə məzar daşı var ki, sahibləri qalmayıb və onlar dağılır, bəziləri isə sökülməyə məhkumdur. Şəhər bəzən bu abidələri sökmək və qalıqları ossuariylərə (ümumi sümüklük) köçürmək üçün vəsait xərcləyir. İndi isə həmin xərclər gəlirə çevrilə bilər: bələdiyyənin hesablamalarına görə, layihə seçilən konseksiya müddətlərindən asılı olaraq təxminən 232 min avro gəlir gətirə bilər.

Məsələ təkcə pulla bağlı deyil. Paris qəbiristanlıqları çoxdan açıq səma altında muzeylərə çevrilib - burada tarix, memarlıq və şəxsi xatirə birləşir. Burada Edit Piaf, Cim Morrison, İv Montan, Simona Sinyore, Serj Gansbur və Parislə bağlı olmuş saysız sənətkar dəfn olunub. Hər nekropol təkcə insan qalıqlarını deyil, həm də dövrün üslubunu qoruyur. Köhnə abidələrin itirilməsi şəhərin mədəni kodunun fraqmentlərinin itməsi deməkdir - Paris bu kodu muzeyləri qədər dəyərləndirir.

Lotereya çox populyar olmağa söz verir. Artıq bir çox parislilər bərpa layihələrinin ilk mərhələsində iştirak istəklərini bildiriblər. Seçim prosesi demokratik olacaq: müraciətlər onlayn qəbul ediləcək, qaliblər isə püşkatma yolu ilə müəyyənləşdiriləcək. Beləcə, bələdiyyə bu təşəbbüsü kommersiyaya çevirmək niyyətində olmadığını vurğulayır - söhbət elitar məzar yerlərinin satışından deyil, mədəni dəyərə malik unudulmuş abidələrin bərpasından gedir.

Paris üçün ölüm qəribə bir mövzu deyil. Burada bu, şəhər estetikasının bir hissəsi sayılır - sənət, memarlıq və yaddaşla dolu həyatın davamı kimi qəbul edilir. Köhnə türbəni bərpa etmək özün və ailən üçün “əbədi ünvan” təmin etməkdən daha çox, adını şəhərin fasiləsiz tarixi toxumasına yazmaq deməkdir. Qəbiristanlıqlardakı mələklər, xaçlar, məzar daşlarındakı mamır Parisin nəsillərarası yaddaşını yaşadır. Bu lotereyada qalib gələnlər təkcə daş altındakı yer deyil, sevdikləri şəhərdə “əbədi ünvan” qazanmış olacaqlar.

Layihənin sınaq xarakteri daşıdığı vurğulanır. Onun nəticələri 2026-cı ildə Paris Şurasına təqdim olunacaq. Əgər təşəbbüs özünü doğruldarsa, digər Fransa şəhərləri də bu təcrübəni tətbiq edə bilər. Bu gün Paris vaxtı ilə günorta ilk 30 abidənin siyahısı açıqlandı: onlardan 10-u Per-Laşezdə, 10-u Monmartrda, 10-u isə Monparnas qəbiristanlığındadır. Təəssüf ki, başqa ölkələrdən gəlib orada dəfn olunmaq mümkün olmayacaq - iştirakın əsas və məcburi şərti Paris sakini olmaqdır.

Hazırladı:

S.ELAY

XQ

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr