AZ

20 Yanvar dairəsindəki “sarı tor” nədir? - AÇIQLAMA

Nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 Yanvar dairəsinin Yasamal rayonuna düşən hissəsində yenilik tətbiq olunub. Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə sarı tor çəkilib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, sarı tor praktikası artıq bir neçə ildir Bakıda tətbiq olunur:

"İndi isə 20 Yanvar dairəsində də bunu tətbiq edirlər ki, sıxlığa təsir etsin. Yəni, əgər avtomobil həmin torda dayanarsa, cərimə olunacaq. Bu da sürücülərin daha diqqətli olmasına, həmçinin axına birbaşa təsir etməsinə töhfə verən bir qərardır. Amma ümumilikdə 20 Yanvar dairəsində səkilərin abadlaşdırılmasına diqqət ayrılmalıdır. Uzun avtobus platformaları qurulmalıdır, çünki bir neçə avtobus ora gəlir, bəzilərinin isə sonuncu dayanacağı oradadır. Yəni, platformalar da bölünməlidir ki, müəyyən qisim bir hissədə dayansın, sonra adacıq kimi təşkil etməklə ikinci sıra avtobusların dayanması təmin olunsun".

Bundan başqa, ekspert hesab edir ki, bir tərəfdən digər tərəfə keçid üçün zebralı keçidlər təşkil olunmalıdır.

"Çünki dairənin hər tərəfində svetofor fəaliyyət göstərirsə, burada rahat keçidlər yaradılmalıdır ki, insanlar qaydaları pozmadan bir tərəfdən digər tərəfə rahat şəkildə keçə bilsinlər. Bu, insanların birbaşa prioritetinə təsir edəcək. Onsuz da ərazidə avtobus zolaqları var. Dayanacaqların və səkilərin vəziyyətinə bir qədər diqqət yetirməklə, eləcə də keçidləri təmin etməklə indiki mürəkkəbliyi bir qədər yüngülləşdirmək olar. Yəni insanlara mövcud şəraitdən maksimum faydalanmaq üçün imkan yaratmaq mümkündür", - deyə Rauf Ağamirzəyev yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr