Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri – ədalətin təntənəsi və dirçəlişin rəmzi
Azərbaycanın ən yeni tarixində 2020-ci ilin 8 Noyabr Zəfəri bir dövrün sonu və yeni mərhələnin başlanğıcı oldu. Bu Zəfər illərlə davam edən işğal və ədalətsizlik dövrünə son qoydu, Azərbaycan xalqının gücünü, birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu Qələbə təkcə hərbi deyil, həm də mənəvi, siyasi və tarixi ədalətin bərpası idi.
Dövlət başçısının azad edilmiş torpaqlara mütəmadi səfərləri bu ədalətin, dirçəlişin və quruculuğun təntənəsinə çevrilmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir.” Bu sözlər yalnız qələbənin simvolik mənasını deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı nüfuzu əks etdirir.
44 günlük İkinci Qarabağ müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıq, xalq-iqtidar birliyi və Ali Baş Komandanın müdrik rəhbərliyi nəticəsində Azərbaycan uzun illərdir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə həyata keçirdi.
Ədalətin bərpası təkcə torpaqların azad olunması deyil, həm də azərbaycanlıların mənəvi dirçəlişi, öz doğma yurduna sahib çıxması demək idi. Prezident İlham Əliyev hər bir çıxışında bu həqiqəti vurğulayır: xalqın inamı, əzmi və həmrəyliyi olmadan heç bir tarixi dönüş mümkün olmazdı.
Tarixi Qələbədən ötən beş il ərzində Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər sadalamaqla bitməz. İkinci Qarabağ müharibəsi (2020) və ardınca 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə yeni zirvələrə yüksəldi.
Zəfərin yaratdığı reallıqlar fonunda Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpa-quruculuq işləri geniş vüsət aldı. Artıq bu ərazilərdə 6 şəhər, 2 qəsəbə və 20-dən çox kənd öz sakinlərinə qovuşub. “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Ağdam rayonlarında müasir tələblərə cavab verən şəhərlər və kəndlər inşa olunur.
2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatdan cəmi altı gün sonra Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri ilə bərpa mərhələsinin ilk səhifəsi açıldı.
O vaxtdan bəri dövlət başçısının azad edilmiş ərazilərə onlarla səfəri həyata keçirilib. Hər bir səfər – bir layihənin təməli, bir kəndin yenidən doğuluşu, bir tarixi abidənin bərpası, bir məktəbin, xəstəxananın, məscidin açılışı ilə yadda qalıb.
Prezidentin Horovlu, Ağalı, Məmmədbəyli, Kəlbəcər və Xankəndiyə səfərləri artıq tarixə çevrilib. Bu səfərlərdə Prezident İlham Əliyevin xalqla təması, köçkün ailələrlə səmimi görüşləri, hər bir detala şəxsi diqqəti dövlətin insana, vətəndaşa yönəlmiş siyasətinin təcəssümüdür.
Azad olunmuş ərazilər bu gün müasir şəhərsalma prinsiplərinə əsasən yenidən qurulur. Ağıllı kənd və ağıllı şəhər konsepsiyaları, ekoloji dayanıqlı layihələr, yaşıl enerji zonaları bu ərazilərin inkişaf modelini müəyyən edir.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Kəlbəcər, Şuşa və Zəngilanda yolların, tunellərin, elektrik stansiyalarının, məktəblərin tikilməsi Azərbaycanın iqtisadi qüdrətinin və dövlət siyasətinin ardıcıl nəticəsidir.
Oktyabr ayında Xankəndidə keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu ölkəmizin beynəlxalq miqyasda nüfuzunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində vurğuladığı kimi, Xankəndi artıq sülhün, bərpanın və dirçəlişin simvoluna çevrilib.
Azərbaycanın bu uğurları Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin məntiqi davamıdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyin qorunması, milli birliyin və azərbaycançılıq ideologiyasının möhkəmlənməsi istiqamətində misilsiz xidmətlər göstərdi.
Bu gün Prezident İlham Əliyev həmin xətti müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir, xalqın birliyini, dövlətin gücünü və beynəlxalq nüfuzunu daha da artırır.
“Dəmir yumruq” həm Zəfərin, həm də milli həmrəyliyin simvoluna çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, habelə dost xalqların nümayəndələri Azərbaycanın haqq işinə dəstək göstərdilər. Bu, milli birliyin və qlobal həmrəyliyin parlaq təzahürü idi.
Azərbaycan Ordusu bu gün dünyanın ən güclü ordularından biri kimi tanınır. Ordunun döyüş hazırlığı, texniki təchizatı, müasir silah sistemləri və hərbi sənayenin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir.
Xüsusi Təyinatlı Qüvvələrin və Komando birləşmələrinin yaradılması, hərbi təlimlərin mütəmadi keçirilməsi, ordunun texnoloji imkanlarının artırılması Azərbaycanın gələcək təhlükəsizliyinin qarantıdır.
Prezident İlham Əliyevin sözləri ilə desək, “bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür.” Bu güc həm maddi, həm mənəvi, həm də ideoloji dayaqlara söykənir.
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri yalnız dövlət başçısının regionlara baxışı deyil – bu səfərlər Azərbaycan tarixinin yeni mərhələsinin canlı salnaməsidir.
Bu səfərlər ədalətin, yenidənqurmanın və sülhün təntənəsidir.
Azərbaycan xalqı 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdıb, burada həyat, ümid və gələcək inşa edir.
Bugünkü reallıq – Zəfərin, ədalətin və milli birliyin reallığıdır.
Azərbaycan bu gün təkcə bərpa edən, qurub-yaradan ölkə deyil, həm də ədalətə və sülhə əsaslanan yeni regional nizamın müəllifidir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü