Son illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi antikorrupsiya əməliyyatları nəticəsində saxlanılan bir sıra icra başçılarının övladlarının məhkəmə, prokurorluq, yaxud hüquq-mühafizə orqanlarında vəzifə tutduqları üzə çıxır.
Balakən rayonunun icra başçısı İslam Rzayevin həbsi zamanı onun qızı — Suraxanı Rayon Məhkəməsinin hakimi Fəridə Rzayevanın adı da ictimai müzakirələrdə hallanıb.
Bu, təəssüf ki, tək bir hal deyil. Əvvəlki illərdə də oxşar nümunələr müşahidə olunub: müxtəlif rayon rəhbərlərinin, dövlət idarələrinin direktorlarının övladlarının hüquq-mühafizə sisteminə yerləşdirilməsi artıq sistemli tendensiyaya çevrilib.
Ortada iki ciddi problem var.
Birincisi, etik və institusional konflikt – korrupsiya ilə mübarizə aparmalı olan strukturlarda korrupsiya ittihamı ilə həbs edilmiş şəxslərin övladlarının çalışması cəmiyyət üçün ədalətə və hüquqa inamı zəiflədir.
İkincisi, sistem risqi - belə hallar hüquq-mühafizə orqanlarında potensial maraq toqquşması yaradır. Məsələn, istintaq zamanı hər hansı “yuxarıdan gələn təzyiq”, “müdaxilə” və ya “məlumat sızması” risqi yaranır.
Bu vəziyyət həm də “nəzarət edən və nəzarət olunan” arasındakı məsafəni aradan qaldırır, nəticədə, korrupsiyanın qarşısını almaq əvəzinə, onu qoruyan gizli şəbəkə formalaşa bilər.
Bəlkə də bu kimi boşluqlar neçə illərdir ki, hökumətin korrupsiya ilə mübarizəsinin səmərəliliyini aşağı salır.
Bəs mövcud hüquqi boşluqlar nədən ibarətdir?
Azərbaycan qanunvericiliyində nepotizm (qohumbazlıq) və maraq toqquşması anlayışları inzibati və etik çərçivədə müəyyən edilsə də, praktik tətbiqi zəifdir. Məsələn, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 7-ci maddəsində dövlət qulluqçusunun yaxın qohumlarının maraqlarına üstünlük verməsi qadağandır.
Amma bu norma yalnız vəzifədə olan şəxsə tətbiq olunur, onun ailə üzvlərinin harada işlədiyinə dair qadağa nəzərdə tutulmur.
Hakimlərin seçimi, prokurorluğa və digər orqanlara qəbul isə test və müsahibə yolu ilə aparılır. Lakin bu mərhələlərin nəzarət və şəffaflıq mexanizmləri çox zəifdir.
“Maraq toqquşması haqqında” ayrıca icra mexanizmi (vetting, reyestr və s.) mövcud deyil.
Nəticədə, icra başçıları, nazirlər və digər vəzifəli şəxslər öz övladlarını, qohumlarını “müxtəlif hüquq-mühafizə qatlarına” yerləşdirə bilirlər. Bu, formal olaraq qanunsuz olmasa da, mənəvi və sistem baxımından təhlükəlidir.
Səbəblər isə ondan ibarətdir ki, işə qəbulun qeyri-müstəqilliyi mövcuddur. Müsahibə komissiyaları və test sistemləri bəzən formal xarakter daşıyır, bu məsələyə şəffaf ictimai nəzarət yoxdur.
Digər tərəfdən, etika nəzarətinin formallığı açıq-aşkar müşahidə edilir. Dövlət orqanlarında Etika Komissiyaları kağız üzərində fəaliyyət göstərir, real audit aparılmır. Etik səviyyədə nəzarət edilməsi nəzərdə tutulan məsələlər isə, təbii ki, hüquqi-normativ aktlarla tənzimlənmir. Deməli, Etika Komissiyalarının üzərinə düşən vəzifələr icra edilmir, havadan asılı qalır.
Eyni zamanda, açıq reyestr yoxdur: Dövlət qulluqçularının ailə bağları və yaxın qohumluq əlaqələri barədə məlumat ictimaiyyətə açıq deyil. Bunu yalnız bəzi hallarda jurnalist araşdırmaları üzə çıxarır.
Bununla yanaşı, mədəni faktor önəmlidır. “Övladım oxuyub, yerləşdirdim” yanaşması uzun illərdən bəri sistemin bir hissəsinə çevrilib.
Ədalət duyğusu itir. İnsanlar artıq inanmaq istəmir ki, bu ölkədə qanun hamıya eynidir. Cəmiyyət düşünür ki, hüquq sistemi yalnız “öz adamlarını” qoruyur, digərlərinə isə ədalət çatmır.
Bu, müstəqillik hissini sarsıdır. İnsan bilmir ki, məhkəmədə qarşısında oturan hakim həqiqətən ədalət üçünmü qərar verir, yoxsa ailə əlaqələrinin, tanışlıq zəncirinin təsiri altındadır.
Belə olan halda, korrupsiya zənciri qırılmaq əvəzinə güclənir. Ata rüşvətlə, saxtakarlıqla varlanır, övladı isə hüquq orqanlarında onun “qalxanı” olur. Beləcə, sistem öz içində bir müdafiə mexanizmi yaradır — günahkarlar cəzalanmaq əvəzinə bir-birini qoruyur, xalq isə ədalətə inamını itirir.
Məsələnin aradan qaldırılması üçün Azərbaycan qanunvericiliyində bir neçə istiqamətdə dəyişiklik vacibdir.
Burincisi, “yüksək risqli vəzifələr” anlayışının qanunla müəyyənləşdirilməsi opduqca vacibdir.
Yeni maddə qəbul edilməlidir ki, icra başçıları, nazir müavinləri, dövlət komitəsi rəhbərləri və bu kateqoriyadan olan digər vəzifəli şəxslərin birinci dərəcəli qohumları (uşaqlar, həyat yoldaşları, qardaş-bacı) onların vəzifədə olduqları müddət ərzində və sonrakı 5 il ərzində məhkəmə, prokurorluq, korrupsiya ilə mübarizə idarəsi və xüsusi istintaq strukturlarında vəzifə tuta bilməsinlər.
Bu, beynəlxalq təcrübədə “cooling-off period” (yəni "müvəqqəti məhdudiyyət dövrü") adlanır və maraq toqquşmasının qarşısını almağın effektiv üsuludur.
Digər tərəfdən, qohumluq əlaqələrinin açıq reyestri yaradılmalıdır.
Dövlət qulluqçularının vəzifəyə qəbul formunda onların birinci dərəcəli qohumlarının dövlət strukturlarında işləyib-işləməməsi barədə məlumat təqdim olunmalı və bu, mərkəzləşdirilmiş elektron reyestrdə saxlanmalıdır.
Etika və korrupsiya ilə mübarizə orqanları həmin reyestr üzərindən periodik audit aparmalıdırlar.
Eyni zamanda, işə qəbulun müstəqil komissiyalar vasitəsilə aparılması vacibdir.
Hakim, prokuror və digər hüquq orqanı vəzifələrinə qəbulda müstəqil müşahidəçi institutları yaradılmalıdır. Məsələn, vacibdir ki, Vəkillər Kollegiyası, Ombudsman və QHT nümayəndələri müsahibə prosesini izləyə bilsin.
Bu, nepotizmin qarşısını xeyli alar.
Bütün bunlarla yanaşı, sərt etik sanksiyalar tətbiq edilməlidir. Etik kodeksə dəyişiklik edilərək, qohumluq əlaqələrindən qaynaqlanan maraq toqquşması halları intizam və ya inzibati məsuliyyət kimi tənzimlənməlidir. Məsələn, ailə əlaqəsini gizlədən vəzifəli şəxs işdən azad edilə bilər.
İctimai nəzarətin genişləndirilməsi vacib amillərdəndir. Medianın və vətəndaş cəmiyyətinin bu sahədəki araşdırmaları dəstəklənməli, məlumatların əldə edilməsinə məhdudiyyətlər minimuma endirilməlidir.
“Whistleblower” (anonim məlumat verən) mexanizmləri də hüquqi təminat altına alınmalıdır.
Gürcüstanda dövlət qulluğuna qəbulda qohumluq əlaqələrinə dair məhdudiyyətlər və ictimai reyestr tətbiq edilir.
Estoniya və Latviya maraq toqquşması bəyannaməsini məcburi edir - dövlət qulluqçusu vəzifəyə başlamazdan öncə bütün yaxın qohumlarının harada işlədiyini açıqlamalıdır.
Polşa və Rumıniya “post-conflict ban” (vəzifədən sonra qohumun yerləşdirilmə qadağası) mexanizmini tətbiq edib.
Bu təcrübələr göstərir ki, korrupsiya ilə mübarizədə yalnız cəzalandırma deyil, profilaktik məhdudiyyətlər daha effektivdir.
Korrupsiyaya qarşı mübarizə təkcə əməliyyatlarla deyil, sistemli təmizlənmə ilə aparılmalıdır.
Əgər korrupsiyaya bulaşmış məmurun övladı hakim, prokuror vəzifəsində və ya antikorrupsiya idarəsində çalışırsa, bu, cəmiyyətə “ikili standart” siqnalı verir.
Hüquq sisteminə etimadı bərpa etmək üçün nepotizmi qanunla məhdudlaşdırmaq, şəffaf kadr siyasətini tətbiq etmək və ictimai nəzarəti gücləndirmək vacibdir.
Yalnız bu halda “ədalət sistemi” real məzmun daşıyacaq - əks halda, korrupsiya nəsildən-nəslə ötürülən “ailə ənənəsi”nə çevriləcək.
Akif NƏSİRLİ