BAKI, 3 noyabr. TELEQRAF
Nepalda Yalung Ri Pik Baza Düşərgəsində qar uçqunu nəticəsində 7 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "The Kathmandu Post" məlumat yayıb.
"Ölənlər arasında üç ABŞ, bir Kanada, bir İtaliya və iki Nepal vətəndaşı var", deyə məlumatda qeyd olunur.
Uçqun baş verən zaman bir qrup nepallı və əcnəbi alpinist Yalung Ri Pik baza düşərgəsində olub. Onlar Xanq zirvəsinə qalxmağa hazırlaşırdılar.
Nəşrin məlumatına görə, hadisədən sonra 4 nəfər itkin düşüb. Daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerində axtarış-xilasetmə işlərinə başlansa da, qaranlığın çökməsi ilə əlaqədar əməliyyatlar dayandırılıb. İtkin düşənlərin axtarışlarının noyabrın 4-ü səhər saatlarında bərpa olunacağı gözlənilir.