AZ

“Nişan tələsi” və ya yolların görünməz cərimə nöqtələri... Vətəndaş haqlıdırmı, yoxsa sadəcə diqqətsizlikdir?

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Son vaxtlar sürücülər arasında bir ifadə çox eşidilir, “nişan tələsi”. Bu ifadə artıq yol hərəkəti qaydalarından çox, psixoloji gərginliyin və idarəetməyə olan etimadsızlığın göstəricisinə çevrilib. Sosial şəbəkələrdə, mediada, eləcə də gündəlik söhbətlərdə sürücülər eyni şikayəti təkrarlayırlar: “Yol nişanı elə yerdə qoyulub ki, görmək mümkün deyil, amma cərimə dərhal gəlir”.

Bəs bu “nişan tələsi” fenomeninin kökündə nə dayanır? Vətəndaş haqlıdırmı, yoxsa bu sadəcə diqqətsizlik nəticəsidir?

Əksər hallarda problem nişanların yerləşdirilmə məntiqindədir. Bəzi yerlərdə nişanlar ağac budaqları, reklam lövhələri və ya dirəklərin arxasında gizlənir, ani istiqamət dəyişikliklərindən sonra qoyulur (sürücü nişanı görənə qədər artıq qaydanı pozmuş olur) və ya sürücü üçün əks intuitiv yerlərdə, məsələn, dayanacaqların arxasında və ya yolayrıcının sonunda yerləşdirilir. Nəticə isə eynidir. Sürücü bilmədən qaydanı pozur, kamera isə “müdrik səssizliyi” ilə cəriməni qeydə alır.

Sürücülərin ən çox səsləndirdiyi sual budur: “Bu nişan təhlükəsizliyi artırmaq üçündür, yoxsa büdcəni doldurmaq?” Əgər nişan təhlükəsizlik məqsədi daşıyırsa, o zaman onun aydın, görünən və intuitiv yerdə olması zəruridir. Lakin bir çox hallarda nişanların “gizlənməsi” elə təəssürat yaradır ki, sanki əsas məqsəd sürücünün səhv etməsini gözləmək, sonra isə cərimələməkdir. Bu isə ictimai etimadı sarsıdır, insanlar dövlətin nəzarətini təhlükəsizlik yox, “tələ” kimi görməyə başlayır.

Kameralar, radarlar, avtomatlaşdırılmış sistemlər, bunların hamısı yol təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub. Amma texnologiya şəffaflıqla müşayiət olunmadıqda, o, inamı yox, qorxunu artırır. Avropada bu sistemlər “prevention-oriented” (qayda pozuntusunun qarşısını almağa yönəlik) işləyir. Sürücüyə əvvəlcədən xəbərdarlıq edilir, nişanlar elektron tablolarda təkrarlanır, kameraların yerləri ictimai açıqdır. Bizdə isə çox zaman post-factum cəza mexanizmi işləyir. Xəbərdarlıq yox, bildiriş var. O da artıq cərimə formasında.

Yol nişanı sadəcə bir metal dairə deyil, o, vətəndaşın hüquqlarını qoruyan informasiya vasitəsidir. Əgər nişan düzgün görünmürsə, əslində vətəndaş məlumatlandırılmır, yəni cərimə hüquqi cəhətdən də şübhəli olur.

Nişan tələsi, təkcə bir yol problemi deyil. Bu, idarəetmə fəlsəfəsinin göstəricisidir. Əgər sistemin məqsədi sürücünü aldatmaq deyil, maarifləndirməkdirsə, onda nişanlar gizlənməməli, əksinə gözə soxulmalıdır. Çünki cəmiyyətin təhlükəsizliyi, 50 manatlıq cərimələrdən yox, etibarlı və ədalətli münasibətdən başlayır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
icma.az

1Mənbələr