AZ

"Bir çox erməni ailəsi türkcəni öz ailə dili kimi mənimsəyib" -Hikmət Babaoğlu

"Ermənistanda Azərbaycan və türk dillərinin tədrisi ilə bağlı qəbul edilən qərar iki əsas kontekstdə qiymətləndirilə bilər. Birincisi, regionda türk dillərinə artan maraq, ikincisi isə Azərbaycan və türk dillərinin öyrənilməsinin yeni regional bir zərurət halına gəlməsidir. Çünki türk dili, ümumilikdə, dünya dilləri arasında ən çox danışılan dillərdən biridir. Hətta Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlar da bu dildə danışır və onu rəsmi dillərdən biri olaraq qəbul edirlər. Bu baxımdan, yeni şəraitdə iqtisadi inteqrasiyanın və əməkdaşlığın dərinləşməsi üçün Ermənistanda türk dilinin öyrənilməsi, artıq zəruri bir şərt kimi ortaya çıxır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanda Azərbaycan və türk dillərinin tədrisi barədə qərardan danışarkən bildirdi.

Onun sözlərinə görə, bu məsələyə tarixi kontekstdə də yanaşmaq mümkündür.

"Məsələn, Aleksandr Düma Qafqaza səfəri zamanı regionda insanların əksəriyyətinin türkcə danışdığını öz əsərlərində qeyd edir. Həmçinin, Puşkinin də belə xatirələri mövcuddur; o, Qafqaza gələrkən burada ümumi işlək dilin rus dili yox, türk dili olduğunu vurğulamışdır. Beləliklə, tarixi perspektivdən yanaşdıqda, türk dili öz regional dil rolunu yenidən bərpa edir ki, bu da olduqca vacibdir. Həqiqətən də, Ermənistanda türk dili ali təhsil səviyyəsində öyrədilməsə də, türk dilini bilən ermənilərin sayı çoxdur. Çünki bir çox erməni ailəsi türkcəni öz ailə dili kimi mənimsəyib. 1988-1950-ci illərdə Türkiyədən Ermənistana köçən ailələrdə türkcə danışılırdı və bu ənənə bu gün də davam etməkdədir. Bu ənənə nəsildən-nəslə ötürülmüşdür. Həmçinin, Azərbaycandan Ermənistana köç edən ermənilər də çox vaxt Azərbaycan dilini, hətta ana dili səviyyəsində bilirlər ki, bu da Ermənistanın bugünkü reallığıdır. Bu səbəbdən, yaxın gələcəkdə Ermənistanda türk və Azərbaycan dillərində danışmaq kütləvi hala gələ bilər. Əgər biz İranın Cənubi Azərbaycan bölgəsindən köçən erməniləri də nəzərə alsaq, onların əksəriyyəti, hətta Cənubi Azərbaycan ləhcəsində olsa da, türkcə danışır. Bu da, əlbəttə, türk dilinin akademik səviyyədə öyrənilməsinə əlavə bir təkan verir", - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
21
1
redaktor.az

2Mənbələr