AZ

“Yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən “Sülh körpüsü” beynəlxalq konfransında çıxış edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “News.am” portalı məlumat yayıb.

Qriqoryan çıxışında Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və regionun kommunikasiya imkanlarını artırmağa yönəlmiş “Sülh körpüsü” layihəsinin əhəmiyyətindən danışıb.

Ermənistan TŞ-nin katibi qeyd edib ki, bu ilin oktyabrın 21–22-də ilk dəfə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana səfər edib və ikitərəfli dəyirmi masada iştirak edib:

“Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də yaxın vaxtlarda Azərbaycana cavab səfəri edəcəkləri gözlənilir. Bu cür səfərlər iki cəmiyyət arasında qarşılıqlı etimad və anlayışın möhkəmlənməsinə, eləcə də Ermənistan və Azərbaycan arasında sülhün güclənməsinə töhfə verəcək. Regionun kommunikasiyalarının açılması və iqtisadi inteqrasiya layihələri, o cümlədən “Sülh körpüsü” təşəbbüsü, Cənubi Qafqazda sabitliyin və birgə rifahın bərqərar olmasına xidmət edir”.

Xatırladaq ki, ötən ay İrəvana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova yer almışdılar.

“Cebheinfo.az”

Seçilən
36
cebheinfo.az

1Mənbələr