AZ

Ekspert: Azərbaycan Avrasiya nəqliyyat arxitekturasının əsas qovşağına çevrilir

Moskva, 3 noyabr, AZƏRTAC

AZƏRTAC-a müsahibəsində rusiyalı siyasi analitik, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Azərbaycan nəqliyyat təşəbbüslərinin strateji əhəmiyyəti və Bakının yeni Avrasiya logistika sisteminin formalaşmasındakı rolu barədə danışıb.

- Şimal-Cənub nəqliyyat təşəbbüsləri ilə Zəngəzur dəhlizinə vahid kontekstdə baxdıqda, belə demək olarmı ki, məhz Azərbaycan yeni Avrasiya nəqliyyat arxitekturasının formalaşmasında mərkəzi halqaya çevrilir?

- Obyektiv olaraq, Azərbaycanın geosiyasi mövqeyi və onun nəqliyyat-logistika infrastrukturu ölkəni həm Şimal-Cənub dəhlizinin, həm də Şərq-Qərb marşrutlarının fəaliyyətində əsas iştirakçıya çevirir. Regiondan keçən istənilən nəqliyyat xətti əlaqələndirmə və logistika baxımından Azərbaycandan asılıdır. Azərbaycan artıq səmərəli siyasi və iqtisadi inkişaf modelinə malik orta gücə sahib dövlətlər kateqoriyasına daxildir və dünya infrastruktur layihələrinin həyata keçirilməsi ilə bu status daha da yüksələcək. Ərazi bütövlüyünün bərpasından və iqtisadiyyatın gücləndirilməsindən sonra bu proseslər Azərbaycanı dünya iqtisadiyyatının dayanıqlığının həlledici dərəcədə asılı olduğu ölkələrdən biri kimi rolunu daha da artırır.

- Rusiya, Azərbaycan və İran faktiki olaraq Rəşt-Astara dəmir yolu xəttinin inşasının yekun mərhələsindədirlər. Bu dəhlizin Qərb logistika marşrutlarına real alternativə çevriləcəyini demək mümkündürmü?

- Şimal-Cənub dəhlizi həm Rusiya, həm də onun ərazisindən keçən bütün ölkələr üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Rəşt-Astara hissəsinin modernləşdirilməsi Şimal-Cənub marşrutu üzrə fasiləsiz və səmərəli dəmir yolu xəttinin yaradılmasına imkan verəcək. Onun iqtisadi, siyasi və geosiyasi əhəmiyyəti son dərəcə yüksəkdir. Bu layihə regionun bütün ölkələrinə fayda gətirəcək, eyni zamanda, digər marşrutlarla rəqabət yaratmadan və ya onlara zərər vurmadan həyata keçiriləcək.

Sanksiya təzyiqlərinə gəldikdə isə istənilən ölkə Qərbin ona qarşı məhdudiyyətlər tətbiq etdiyi vəziyyətlə üzləşə bilər. Buna görə də logistika sahəsində müstəqillik və suverenlik dərəcəsi nə qədər yüksək olarsa, Şimal-Cənub kimi multimodal nəqliyyat dəhlizlərinin bütün iştirakçıları üçün qazanc da bir o qədər çox olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
7
2
azertag.az

3Mənbələr