Xaqani Cəfərli: "Əslində bu, psixoloji və siyasi manipulyasiyadan başqa bir şey deyil"
Azərbaycan cəmiyyətində zaman-zaman belə mülahizələr irəli sürülür ki, R.Mehdiyev şəbəkəsinin icra, qanunverici və məhkəmə sistemində fəaliyyət göstərən bütün üzvlərinin eyni vaxtda ifşası ölkədə xaosa səbəb ola bilər. Lakin bu yanaşma reallıqdan uzaqdır.
Belə bir şəbəkə dövlətin bütün strukturlarını ələ keçirə bilməz. Onun fəaliyyəti müəyyən sahələr və qruplarla məhdudlaşır, dövlətin əsas idarəetmə və təhlükəsizlik strukturları hələ də bu təsirdən kənardadır.
Baki-xeber.com nəşrinə məsələ ilə bağlı münasibət bildirən politoloq Xaqani Cəfərli bildirdi ki, ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev şəbəkəsinin tam, yəni icra, qanunverici və məhkəmə sistemində olanların hamısının eyni vaxtda ifşasının ölkədə xaosa səbəb ola biləcəyi tamamilə qeyri-ciddi iddiadır: "Çünki həmin şəbəkənin hansısa legitimliyi yoxdur. Prezident İlham Əliyevin legitimliyi elə bir səviyyədədir ki, hansısa şəbəkənin zərərsizləşdirilməsi heç bir problem yarada bilməz. Əksinə, belə şəbəkələrin zərərsizləşdirilməsi prezidentin legitimliyini daha da artırır. Əgər hər hansısa bir məmur müqavimət göstərmək, dövlət başçısının iradəsinə qarşı çıxmaq istəsə, onu zərərsizləşdirmək üçün dövlətin gücü təsəvvüredilməz qədər çoxdur. Eyni zamanda, xalqın əksər hissəsinin də prezidentin bu istiqamətdəki qərarlarını dəstəkləmək üçün səfərbər olacağına kimsə şübhə etməməlidir.
Heç şübhəsiz, Ramiz Mehdiyev şəbəkəsinin tam ifşasının ölkədə xaosa səbəb ola biləcəyi fikrinin dövriyyəyə buraxılması səbəbsiz deyil. Qənaətimçə, bununla məsuliyyətdən yayına biləcəklərinə ümid edirlər. Ancaq bu çox yanlış işlərdir və prezidentin iradəsini dəyişə bilməz.
Buna baxmayaraq, “xaos qorxusu” ideyasını yayanlar müxtəlif məqsədlər güdür. Onların arasında ictimai narazılığı azaltmaq, mövcud status-kvonu qorumaq, öz maraqlarını müdafiə etmək və ya siyasi manipulyasiya etmək kimi hədəflər mövcuddur. Cəmiyyətə belə təqdim olunur ki, şəbəkənin tam ifşası idarəetməni sarsıdacaq, amma əslində bu, psixoloji və siyasi manipulyasiyadan başqa bir şey deyil."
Fikrimizcə, reallıqda şəbəkənin ifşası mərhələli və sistematik yanaşma ilə həyata keçirilə bilər ki, həm ədalət təmin edilsin, həm də idarəetmə dayanıqlığı qorunsun. Bu yanaşma ilkin mərhələdə şəbəkənin fəaliyyəti ilə bağlı konkret faktların toplanmasını nəzərdə tutur. Maliyyə əməliyyatlarının, tender və dövlət satınalmalarının izlənməsi, sənədləşdirilməsi, şahid ifadələrinin və daxili sənədlərin qorunması bu mərhələnin əsas prioritetidir. Dövlət satınalmalarında süni qiymət şişirdilməsi hallarının araşdırılması buna misal göstərilə bilər. Bu mərhələdə ictimai açıqlama verilməməsi və məlumatların yalnız rəsmi, təhlükəsiz kanallarda toplanması vacibdir.
Sonrakı mərhələdə cəmiyyətdə korrupsiya mövzusunda anlayış yaratmaq və ifşa prosesinə psixoloji hazırlıq vermək məqsədi qoyulur. Bunun üçün medianın fakt əsaslı maarifləndirmə kampaniyaları, qismən açıqlamalar və anti-korrupsiya təşəbbüslərinin vurğulanması önəmlidir. Məsələn, dövlət televiziyası və sosial mediada korrupsiya əleyhinə proqramlar hazırlamaq cəmiyyəti bu mərhələyə hazırlayar. Məlumatların düzgün təqdim olunması panika risqini minimuma endirir.
Daha sonra şəbəkənin ən zərərli və açıq nümunələrinin cəzalandırılması mərhələsi gəlir. Bu mərhələdə cinayət işlərinin açılması, müvafiq şəxslərin məsuliyyətə cəlb edilməsi və mətbuat konfransları ilə ictimai açıqlamaların verilməsi önəmlidir. Məqsəd yalnız cəzalandırmaq deyil, həm də digər iştirakçıları qorxutmaq və təzyiq yaratmaqdır. Misal üçün, bir neçə yüksək səviyyəli icraçının korrupsiya əməliyyatları ilə əlaqədar həbs edilməsi və mediada işıqlandırılması bu mərhələyə daxildir.
Son mərhələ isə şəbəkənin yenidən formalaşmasının qarşısını almaq və dövlət idarəetməsində şəffaflığı təmin etməkdir. Bu mərhələdə qanunvericilikdə dəyişikliklər, məhkəmə və icra aparatında şəffaflıq mexanizmlərinin tətbiqi, anti-korrupsiya institutlarının gücləndirilməsi və müstəqilliyinin təmin olunması əsas tədbirlərdir. İqtisadiyyat Nazirliyi və yerli icra strukturlarında şəffaf audit mexanizmlərinin tətbiqi bunun nümunəsi ola bilər. Bu mərhələ uzunmüddətli səbr və siyasi iradə tələb etsə də, nəticəsi dayanıqlıdır və şəbəkənin yenidən formalaşmasını önləyir.
Dəniz NƏSİRLİ