AZ

Böyük Misir Muzeyinin açılışı Londonda qeyd olunub - FOTO

Misirin Londondakı səfirliyi şənbə günü Böyük Britaniya Muzeyində (British Museum) Misirin Qizə şəhərində yerləşən Böyük Misir Muzeyinin (Grand Egyptian Museum – GEM) tarixi açılışını qeyd etmək üçün xüsusi qəbul təşkil edib.

Musavat.com xəbər verir ki, qəbul Misirdə baş tutan rəsmi açılış mərasimi ilə eyni vaxtda keçirilib. Həmin mərasimdə dünya liderləri, monarxlar və beynəlxalq nüfuzlu şəxslər iştirak ediblər. Tədbirə ev sahibliyi edən Misirin Böyük Britaniyadakı səfiri Əşrəf Svilam çıxışında bildirib ki, Qahirədəki Böyük Misir Muzeyinin rəsmi açılışı Misirin minilliklərə söykənən sivilizasiyasında mühüm dönüş nöqtəsidir. O vurğulayıb ki, bu nəhəng layihə Misir dövlətinin zəngin mədəni və bəşəri irsini qorumaq və dünyaya tanıtmaq istiqamətindəki sarsılmaz öhdəliyini nümayiş etdirir.

Qəbulda Böyük Britaniya hökumətinin yüksək vəzifəli rəsmiləri, İcmalar Palatası və Lordlar Palatasının üzvləri, Kral Sarayının nümayəndələri, eləcə də mədəniyyət, biznes və media sahələrinin tanınmış simaları iştirak ediblər.

Qeyd edək ki, Misirdə dünyanın ən iri arxeoloji muzeylərindən biri Böyük Misir Muzeyi (Grand Egyptian Museum) ziyarətçilərin üzünə açılıb.
Qahirə yaxınlığında yerləşən nəhəng kompleksin şüşə fasadı piramida formasında inşa edilib. Tikinti prosesi təxminən 20 il davam edib. Muzeyin ümumi sahəsi 24 min kvadratmetrdən çoxdur və burada 50 mindən artıq eksponat, o cümlədən Tutanxamonun məzarındakı bütün xəzinələr sərgilənir. Layihə Misir mədəni irsinin qorunması və turizmin canlandırılması baxımından ölkə tarixində ən mühüm mədəni təşəbbüslərdən biri hesab olunur.

 

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr