Vaşinqton Cənubi Qafqazı da əhatə edəcək yeni geosiyasi model üzərində düşünür…
Poliqon xəbər verir ki, The Diplomat nəşrinin yazdığına görə, ABŞ administrasiyası Mərkəzi Asiya ölkələri ilə dialoq formatı olan “C5+1” mexanizminin gələcəyi barədə mühüm qərar ərəfəsindədir. Nəşr qeyd edir ki, Vaşinqton bu diplomatik platformanı yeni geosiyasi reallıqlara uyğunlaşdırmaq, o cümlədən Cənubi Qafqaz dövlətlərini, xüsusilə Azərbaycanı prosesə cəlb etmək imkanını nəzərdən keçirir.
“Bakıdakı Ələt limanı Xəzər dənizinin qərb sahilindəki yeganə böyük tranzit mərkəzidir. Azərbaycan olmadan Orta Dəhliz mövcud ola bilməz”, deyə məqalədə Azərbaycanın strateji rolu xüsusi vurğulanır.
The Diplomat yazır ki, Azərbaycanın bu formata daxil edilməsi regionda iqtisadi və logistik inteqrasiyanı gücləndirə, həmçinin ABŞ-la Cənubi Qafqaz arasında yeni əməkdaşlıq platforması yarada bilər. Müəllifin fikrincə, ABŞ üçün “müvəqqəti, lakin səmərəli yanaşma” Azərbaycanın əvvəlcə müşahidəçi statusunda və ya tematik əməkdaşlıq formatında “C6+1” kimi genişləndirilmiş modeldə iştirakı ola bilər.
Nəşr bildirir ki, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən bu kombinə edilmiş yanaşma Vaşinqtona yeni geosiyasi çağırışlara çevik reaksiya verməyə, eləcə də regionun iqtisadi və enerji təhlükəsizliyini dəstəkləməyə imkan yaradacaq.
Qeyd edək ki, C5+1 formatı ABŞ ilə Mərkəzi Asiyanın beş dövləti — Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan arasında dialoqu gücləndirmək məqsədilə yaradılıb və regional əməkdaşlıq məsələlərinin müzakirəsi üçün əsas platforma sayılır.
Poliqon.info