Adil Qeybulla: “Amma donor banksız mümkün deyil”
“Ölüm ayağındakı şəxsin orqanları yalnız xüsusi komissiya ilə götürülməlidir”
Azərbaycanda ilk dəfə meyitdən orqan transplantasiyası əməliyyatı həyata keçirilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub:
“Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib. Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb”.
Belə bir uğurlu əməliyyatı həyata keçirən həkimin kimliyi də maraq doğurub. Məlumata görə, ürək köçürmə əməliyyatını layiqincə yerinə yetirən ürək-damar cərrahı, tibb elmləri doktoru, professor Kamran Musayev Azərbaycan Respublikasının Əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədridir. Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonu) Göllü kəndində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirib və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yoluyla istedadlı tələbələr sırasında Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb Fakültəsinə göndərilib. 1996-cı ildə bu təhsil ocağında 6 illik tibb təhsilini uğurla başa vurub və elə həmin il (uzmanlıq) rezidentura təhsili üçün imtahandan müvəffəqiyyətlə keçən K.Musayev, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində ürək-damar cərrahiyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayıb. 1996–2002-ci illər arasında adı çəkilən təhsil müəssisəsində rezidentura təhsilini davam etdirməklə yanaşı, Türkiyənin Kadir Has Universitetinin "Florence Nightingale" xəstəxanasında ürək–damar cərrahı olaraq işləyir. Nəhayət, 2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyəsi mütəxəssisi olaraq vətənə qayıdıb. 2013-cü ilin yanvar ayında Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Klinik Xəstəxanada süni ürək köçürülməsi əməliyyatı da məhz Kamran Musayev tərəfindən həyata keçirilib. 2017-ci ilin sentyabr ayında Azərbaycanda ilk dəfə olaraq Kamran Musayev və onun komandası tərəfindən qan dövranı dayandırılmaqla Ağciyər damarlarının endarterektomiyası adlanan əməliyyat icra olunub. 2018-ci ilin noyabr ayında ölkəmizdə ilk dəfə olaraq "Ozaki əməliyyatı" adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxanada Prof. Dr. Kamran Musayevin komandası tərəfindən xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəzolunması əməliyyatı həyata keçirilib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında meyitdən orqan köçürülməsini uğurlu əməliyyat adlandırdı:
- Ən mühüm məsələ donor bankının rezervləridir. Azərbaycanda xeyli sayda donora ehtiyac var. Hesab edirəm ki, bu məsələ ilə bağlı bütün hüquqi tərəflər həllini tapmalıdır ki, daha sonra resurslar haqqında düşünmək mümkün olsun. Azərbaycan orqan transplantasiyasında Türkiyə və qərb ölkələrinin təcrübəsindən istifadə edə bilər. Donor orqanları praktiki sağlam, lakin beyin ölümü keçirən insanlardan götürülür. Adətən hər hansısa bir qəzada travmatik, kliniki ölüm keçirmiş insanların orqanlarından istifadə olunur. Meyitdən çox az orqan götürülə bilir. Məsələn, sümük, gözün buynuz qişası, erkən fazada dəri, qığırdaq... Ölmüş insan transplantasiya üçün o qədər də yararlı olmur. İnsan o zaman digər bir insan üçün donor rolunu oynaya bilir ki, bioloji ölüm hələ baş verməmiş olsun. Əgər dekaltikasiya – beyin qabığının ölümü baş veribsə, o insanın orqanları köçürülmə üçün artıq yararsız hala gəlir. Ona görə də əgər ölüm ayağında olan və ya bunun ehtimal edildiyi, yaxud insanın həyatının xilasının mümkünsüzlüyü məlum olursa və həmin şəxsin doğmaları, yaxınları onun orqanlarını bağışlamaq istəyirlərsə, o zaman xüsusi tibbi komissiyanın rəyi ilə insanın vəfatı süni şəkildə həyata keçirilir və orqanları götürülür. Məsələnin psixoloji tərəfləri də var. Doğmasını, ailə üzvünü itirən, onun kliniki ölüm keçirdiyini eşidən insan orqanların başqa bir bədənə köçürülməsinə psixoloji hazır olmalıdır. Bu məsələdə cəmiyyətlə işləmək lazımdır. İnsanlarımız həyatını itirən yaxınlarına həkimin əl vurmasına, onların yarılmasına icazə vermir, nəinki böyrək, qaraciyər və ya hansısa bədən orqanlarının götürülməsinə. Bizdə bu məsələlər çox ciddidir. Azərbaycanda orqan transplantasiyasına nail olmaq üçün bizim vətəndaşlarımız da bu prosesi həyata keçirən ölkələrin insanları kimi psixoloji baryerləri aşması gərəkdir. Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır.
Məlahət Rzayeva