AZ

İnformasiya müharibəsinin BAŞ QƏHRƏMANI

İnsanlar bəzən sözlə, xoşluqla həll edə bilmədikləri məsələləri zorla, silah gücünə çözmək istəyirlər!

Bu, tarixən belə olub, indi də belədir!

Fatehlər də, qonşusunun torpağına göz dikənlər də "köhnə münasibətlər"i və gələcəkdə də qonşuluq edəcəklərini  sanki unudaraq silaha əl atıblar.

*  Müharibələr təkcə xalqlar, insanlar arasındakı münasibətləri dəyişmir!

*  Müharibələr təkcə dünya düzənini dəyişmir!

*  Müharibələr təkcə insan talelərini dəyişmir!

* Müharibələrin özləri də dəyişir!

* Müharibələrdə işlədilən silahlar da dəyişir!

Daha dağıdıcı, daha çox insan öldürən yeni silahlar meydana gəlir.

Bəşəriyyət hətta təsiri  neçə on illər  davam edən kütləvi qırğın silahlarını da  sınaqdan keçirdi.

Amma nəticəsindən asılı olmayaraq, bütün müharibələr müəyyən zaman kəsiyindən sonra dayandırılır,  insanlar xoşluqla, ya da məcburiyyət qarşısında qalaraq sülhə gəlməli olurlar!

Ölənləri, şəhid gedənləri isə heç zaman geriyə qaytarmaq mümkün olmur!

***

Azərbaycan xalqı Qarabağ uğrunda iki dəfə işğalçı qonşusu ilə döyüşməli oldu.

Birinci Qarabağ müharibəsində nə kifayət qədər hazırlığı, silah-sursatı oldu, nə arxasında  duraraq kömək edəni, nə də həqiqi rəhbəri və sərkərdəsi.

Odur ki, iyirmi faiz ərazisini itirdi, iyirmi mindən çox övladı şəhid getdi,  məğlubiyyət acısını yaşadı.

Çox keçmədən sınanmış oğlu Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı, xalqı öz ətrafında toparladı, müstəqil dövlətin atributlarını  yaratdı, müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi,  sabitliyimizi pozulmaz etdi!

Ən əsası, tarixdə analoqu olmayan  siyasi inkişaf kursunu müəyyənləşdirdi, layiqli siyasi varisini yetişdirərək axıra çatdıra bilmədiyi işləri ona həvalə edib  əbədiyyətə qovuşdu!

Xalqın yeni rəhbəri, ümid, inam, etibar və dayağı sayılan cənab İlham Əliyev də ona bəslənilən bütün etimadları şərəflə doğrultdu, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi!

İkinci Qarabağ müharibəsi  dövlətimiz, xalqımız və rəhbərimiz üçün yeni, əsl sınaq oldu!

Xoşbəxtlikdən hamı əl-ələ verərək bu sınaqdan ləyaqətlə çıxdı, itirilmiş torpaqlar geri qaytarıldı, ərazi bütövlüyü təmin olundu, dövlət suverenliyi bərpa edildi!

Beş illiyini qeyd edəcəyimiz Vətən müharibəsi xalqımızı qalib xalqa, dövlətimizi qüdrətli dövlətə, baş sərkərdəmizi Müzəffər Ali Baş Komandana çevirdi!

Bu müharibə həm də yeni silahların, yeni taktika və strategiyanın tətbiq olunduğu  yeni bir müharibəyə, örnəyə, nümunəyə çevrilən,  bir çox döyüşü dünyanın hərbi məktəblərində öyrənilən  XXI əsrin  ən yeni müharibəsi kimi qəbul olundu!

***

İkinci Qarabağ müharibəsi qısa müddətdə - cəmi 44 gündə düşmən ordusunun  darmadağın edilərək kapitulyasiya aktını  imzalaması ilə başa çatdı!

Bu müharibədə üç "cəbhə"də  qızğın döyüşlər gedirdi:

* Hərb meydanında amansız və qanlı çarpışmalar  baş verirdi.

* Gözdən uzaq sayılan  diplomatiya  sahəsində gərginlik bir an belə ara vermirdi.

* İnformasiya məkanında isə qan tökülməsə də, "döyüşlər" eyni gərginlik və şiddətlə davam edirdi.

Hərbi əməliyyatların ünvanı və yeri Azərbaycanın Qarabağ bölgəsi idi.

İnformasiya müharibəsi isə Bakıda başlayaraq, dünya KİV-də, televiziya kanalları və  informasiya agentliklərinin buraxılışlarında "alovlanırdı".

Bu müharibənin də baş qəhrəmanı və baş sərkərdəsi Müzəffər Ali Baş Komandan İlham Əliyev idi!

Hücuma  keçən  "sıravi əsgərlər" jurnalistlər və müxbirlər sayılırdı.

Hücum edən tərəflər isə tez-tez dəyişirdi.

Bir neçəsi istisna olunmaqla, əksəriyyəti dünya erməniliyinin pul kisəsindən muzd alan, erməni maraqlarını açıq və qərəzli şəkildə müdafiə edən KİV, informasiya agentlikləri və televiziya kanalları Azərbaycana axın edirdilər.

Müharibənin davam etdiyi müddətdə dövlət başçısı cənab İlham Əliyev otuzdan çox KİV nümayəndəsi, jurnalist, müxbir və telekanal aparıcısı ilə  görüşdü, onların bütün suallarını  səbir və təmkinlə, konkret faktlar və misallar əsasında cavablandırdı, jurnalistin peşə davranışı qaydalarını  pozanları, qərəzli yanaşmalar nümayiş etdirənləri, hərdən özünü "prokuror" kimi aparmaq istəyənləri arqument və dəlillərlə susduraraq yerlərində oturtdu!

***

"İnformasiya müharibəsi" yeni termin kimi formalaşdırılsa da, əslində, müharibə edən tərəflər  daim bu üsuldan istifadə ediblər.

Qarabağ müharibəsi üçün də bu yenilik sayılmırdı.

Təkcə saxta "erməni soyqırımı"ndan deyil, digər vasitələrdən də  istifadə edən ermənilər hələ müharibədən xeyli qabaq özlərinin "zavallı", "məzlum" millət, azərbaycanlıların isə "vəhşi", "qəddar" obrazlarını yaratmaqdan ötrü bütün üsul və vasitələrdən, sovet mətbuatının və dünya erməniliyinin  imkanlarından  gen-bol bəhrələnirdilər.

Birinci Qarabağ müharibəsi ərəfəsində SSRİ DTK-nin əli və ssenarisi ilə hazırlanan, mərkəzdən gəlmiş icraçıların və çəkiliş aparanların iştirakı ilə keçirilən  və sonradan  SSRİ-nin və dünyanın KİV-də geniş tirajlanaraq işıqlandırılan "Sumqayıt hadisələri"  deyilənlərə parlaq misaldır.

Qırmızı imperiyanın dağıldığı ərəfədə Azərbaycanı itaət boyunduruğunda saxlamaqdan ötrü Qarabağ münaqişəsini yenidən alovlandıran Moskva  birmənalı şəkildə erməni mövqeyində dayanaraq Ermənistana siyasi, hərbi, ideoloji kömək göstərirdi.

Erməniəsilli Qriqoryanın başçılığı ilə Sumqayıtda hadisələr başlayanda artıq mərkəzdən gəlmiş fotoqraf və operatorlar onları lentə almağa, jurnalistlər isə Azərbaycanı günahlandırmağa  hazır vəziyyətdə dayanmışdılar.

Birtərəfli qaydada hazırlanan bütün informasiya və reportajlar SSRİ-nin mərkəzi qəzetlərində dərc edildikdən sonra xarici KİV-ə də çıxarılırdı.

Halbuki  bu mətbu orqanlar  Azərbaycanın üzünə bağlanmışdı.

Hadisələrin "baş qəhrəmanı" Qriqoryanın mühakimə olunaraq Rusiyaya aparılması və  ağır cinayətlər törətmiş, neçə insanı qətlə yetirmiş birisinin az sonra azadlığa buraxılması bütün bunların həqiqətən Moskvada hazırlanaraq icra olunmasının ən bariz sübutuna çevrildi.

Həqiqətdə isə bütün bu oyunbazlıqlar "vəhşi azərbaycanlı" və "məzlum erməni" obrazının yaradılmasına, ermənilər tərəfindən törədiləcək soyqırımı və işğala bəraət qazandırılmasına hesablanmış addımlar idi.

İkinci Qarabağ müharibəsində də eyni halın təkrarı nəzərdə tutulmuşdu!

Fərq onda idi ki, bu dəfə dünya erməniliyinə  xidmət edən KİV birbaşa Azərbaycana gələrək dövlət başçısı ilə  görüşə, müsahibələr ala bilirdi!

Amma bütün bunlara baxmayaraq, məqsədlərinə çata, Azərbaycanı ləkələyərək  əvvəlki kimi onu  "vəhşi" qiyafəsində  təqdim edə bilmədilər!

İnformasiya müharibəsinin yeganə baş qəhrəmanı sayılan Azərbaycan Prezidenti İlham Əliyev onların bütün qərəzli  hərəkətlərini puça çıxararaq əsl həqiqətləri açıb göstərə, mənfur niyyətlərlə gələnlərin tribunasını onların özlərinin  ifşasına xidmət edən  platformaya çevirdi!

***

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev 44 günlük Zəfər müharibəsi dövründə otuzdan çox jurnalisti qəbul edərək onlara müsahibə vermişdi.

Əlbəttə, onların arasında xoş niyyətlə, əsl həqiqəti öyrənib yazmaq üçün gələnlər də var idi.

Lakin informasiya müharibəsinin qərəzli iştirakçıları da az deyildi.

Onlardan ikisinin - 2020-ci il oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına və noyabrın 6-da "BBC News"ə Müzəffər Ali Baş Komandanımızın verdiyi müsahibələrin timsalında bu sahədəki "döyüşlər" barədə müəyyən təsəvvür yaratmağa çalışacağıq.

Adətən, müsahibə götürənlər Ermənistanın Baş naziri N.Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" söyləyərək sülh danışıqlarını mənasız etməklə hərbi əməliyyatlara rəvac verməsini gizlədərək yeni müharibənin tətikçisi və başlayanın, habelə qadağan olunmuş silahlardan istifadə edənin və dinc əhaliyə atəş açanın Azərbaycan olduğunu, Türkiyənin isə  hərbi əməliyyatlarda iştirakını "boynumuza qoyaraq" dünyaya çatdırmağı hədəfə alırdılar.

İki müsahibədən gətirəcəyimiz parçalar, əslində, dünyadakı "azad media"nın mahiyyətini dərindən dərk etməyə, peşə davranışı qaydalarını kobudcasına pozan jurnalistlərin açıq-aşkar şəkildə tərəf tutmalarını, nəyin bahasına olursa-olsun  Azərbaycan tərəfini günahkar çıxarmaq niyyətini  gerçəkləşdirməkdən ötrü dəridən-qabıqdan çıxma cəhdlərini  göstərən misallardır.

Fərəhli və qürur doğuran haldır ki, cənab İlham Əliyev bütün bu niyyətləri dəmir məntiqi, tutarlı faktları, sakit və soyuqqanlı davranışı, habelə tez-tez əl atdığı "əks hücum" taktikası  ilə heçə çıxara bilirdi!

Mövzular üzrə müəyyən məqamlara diqqət yetirək.

***

Türkiyə ordusunun guya Azərbaycan tərəfindən döyüşməsi:

" - Hazırda gəldiyim ölkə - Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən  olduqlarını dedilər.

- Siz əsgərlərlə danışmısınız?

- Bəli.

- Döyüş meydanında?

- Xeyr, döyüş meydanında yox.

- Bəs harada?

- Bakı şəhərində.

- Onlar burada, Bakıda döyüşürlər?

- Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.

- İndi burada  alman əsgərləri də  ola bilər".

***

Etnik təmizləmə ilə bağlı:

" -  Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?

- Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?"

***

İkili standartlarla işləyən beynəlxalq təşkilatlar:

" - Bu, eyni ilə onların  iddia etdiyi məsələlərdir. Onlar iddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair "Amnesty  İnternational" və "Human  Rights Watch"  təşkilatlarından bəzi  dəlillər var idi.  Nəyə görə Siz  bu növ silahlardan istifadə edirsiniz?

- Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarını Azərbaycana dəvət etmişik.  Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən  işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların  qərəzliliyi ilə bağlı böyük şübhələr var.

- Lakin mənim  indi bildiyimə görə, onlar gəlirlər. "Human Rights Watch" təşkilatı gəlir, mənə deyiblər.

- Onlar bizim "Nəyə görə buraya gəlmirsiniz?" dediyimizə görə gəlirlər. Biz onlara "xahiş edirik, buraya gəlin" müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?

- Onlar mənə gəlmək istədiklərini deyiblər. Bir neçə dəfə müraciət ediblər, lakin Siz onlara girişə icazə verməyibsiniz.

- Xeyr. Bu, mümkün deyil. Çünki biz elə dünən onların nəyə görə gəlmədiklərini, qoyun gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı  peykdən görünür. Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq".

***

Öz ayıblarını görməyərək özgələrinə ağıl öyrədənlər:

" - Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız?

- Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız?

- Müəyyən mənada, bəli.

- Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz.

- Xeyr, belə deyil.

- Bəli, bəli. Nümayiş keçirmək istəyən  ekstremist - adını unutmuşam. Siz onlara qadağa qoydunuz.

- Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də etirazlar keçirirdilər.

- Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür  göstərmirik. Lakin özlərini sanki belə göstərən  ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz "sarı jiletlilər"in  etirazlarında  neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz,  10-dan çox adam qətlə yetirilib.

- Amma biz Fransa barədə danışmırıq.

- Xeyr, gəlin Avropa barədə danışaq.

- Azərbaycan barədə...

- Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız var.

- Mən cənab Makrondan  bu barədə soruşaram.

- Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə  yetirirlər - 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur".

***

Demokratiya və azad media barədə:

"- Biz burada  mənim ölkəmi müzakirə etmək  üçün deyilik.

- Xeyr, gəlin müzakirə edək. Gəlin müzakirə edək.

- Yox, Prezident  Əliyev.

- Ermənilərin burada azad mətbuatının  olmayacağı ilə bağlı məni ittiham  etmək əvəzinə, gəlin Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi  haradadır? Jurnalist fəaliyyətinə görə  siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul  olduğunuz halda, sizin azad mətbuat haqqında  danışmağa mənəvi haqqınız yoxdur.

- Münaqişəyə qayıdaraq...

- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin  xoşunuza gəlmir. Sizin  xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma  güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər  demokratik  və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə  görə həbsxanada saxlayırsınız.

- Mən onu həbsxanada saxlamıram, Prezident  Əliyev.

- Bu, sizin xoşunuza gəlmir.

- Bu, xoşa gəlmək məsələsi deyil.

- Siz buna öyrəşməmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Çünki  siz ancaq hücum etməyə adət etmisiniz.

- Bu, bizim müsahibənin mövzusu deyil.

- Bu, müsahibənin mövzusu  deyil, amma siz bunu qaldırırsınız".

*** 

Qarabağın dəyəri ilə bağlı:

"- Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa, bu, bir rəmzi məna daşıyır?

- Elzas və Lataringe  sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn - Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan  bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir,  bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət  Dağlıq Qarabağı  Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik".

Misalların sayını istənilən qədər artırmaq da olar!

Lakin elə gətirilən sitatlar informasiya  meydanında da gərgin və barışmaz mübarizə getdiyindən xəbər verir!

***

Məşhur deyimdir:

"Qayda budur, igid gedər, ad qalar,

Yaxşıdan da, yamandan da ağızda bir dad qalar!"

* Vətən müharibəsini 44 gün ərzində  şərəflə başa  vurduq!

* Qalibiyyətlə başa vurduq!

* İşğalçıları torpaqlarımızdan  qovaraq, ərazi bütövlüyümüzü   bərpa edərək,    

Dövlət suverenliyimizi və Konstitusiya əsaslarına nail olaraq  başa vurduq!

* Hər üç cəbhədə tam qələbə çalaraq  başa vurduq!

Dövlət başçımız diplomatiya meydanında böyük uğurlara imza atdı, qətiyyətli mövqe göstərdi!

İnformasiya müharibəsini isə təkbaşına apararaq bu cəbhənin yeganə qəhrəmanına çevrildi!

* Bu gün Azərbaycan Cənubi Qafqazda əsas söz sahibidir!

* Bu gün Azərbaycan bölgədə sülhün  yaradıcısıdır!

* Bu gün Azərbaycan  Prezidenti qlobal  liderə  çevrilərək dünyada böyük nüfuz sahibidir!

Qarabağ  Azərbaycandır!

Bəxtiyar SADIQOV

Seçilən
55
azerbaijan-news.az

1Mənbələr