ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanda 2025/2026-cı tədris ilindən etibarən üç məktəbdə Azərbaycan dili fənni tədris ediləcək. Məlumata görə, bu, könüllü olacaq və yalnız 10-12-ci sinif şagirdləri üçün nəzərdə tutulur.
Azərbaycan məktəblərində də erməni dili tədris olunmalıdırmı?
Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, Ermənistanda verilən qərar regionda çox mühüm və simvolik hadisədir.
Onun sözlərinə görə, bu, iki xalq arasında qarşılıqlı anlaşma, dil və mədəniyyət səviyyəsində körpü yaratmaq üçün kiçik, amma dəyərli bir addımıdır:
“Azərbaycanda isə bu mövzuya daha geniş və praqmatik yanaşmaq lazımdır. Əgər qonşu ölkədə dilimiz tədris olunursa, bu, bizdə də erməni dilinin öyrədilməsi məsələsinin akademik müstəvidə, yəni siyasətdən kənar, sırf elmi və kommunikativ baxımdan müzakirə olunmasına imkan yaradır. Amma burada əsas olan “erməni dili tədris olunmalıdırmı?” deyil, “necə və hansı məqsədlə tətbiq edilməlidr?” sualıdır. Məqsəd qarşılıqlı anlaşma, dil baryerinin azaldılması və gələcəkdə regionda sülh prosesinə dəstəkdirsə, bu təşəbbüs mənfi qarşılanmamalıdır. Lakin belə qərar yalnız könüllü əsasda, məhdud miqyasda və humanitar, dilçilik, beynəlxalq münasibətlər ixtisasları çərçivəsində verilə bilər”.
Sona Əliyeva
Ekspert bildirib ki, ölkəmizdə hazırda erməni dili üzrə ixtisaslı kadr çox azdır:
“1990-cı illərdən sonra bu istiqamətdə kadr hazırlığı faktiki dayanıb. Yəni belə bir fənnin ümumməktəb səviyyəsində tədrisi indi real deyil. Bunun üçün əvvəlcə filologiya və tərcümə fakültələrində xüsusi proqramların bərpası, gənc mütəxəssislərin hazırlanması, həm də psixoloji və ictimai qəbulun formalaşdırılması vacibdir. Fikrimcə, dil öyrətmək düşmənçilik yaratmır, əksinə, məlumatlılıq və mədəni tanışlıq gərginliyi azaldır. Amma bu addım emosional yox, strateji və elmi əsaslarla atılmalıdır. Bununla bağlı qərar verilsə, öncə məktəblərdə gürcü, rus, fars, erməni dillərinin öyrədilməsi barədə ümumi konsepsiya hazırlanmalıdır. Bu, həm çoxdilli təhsil modelinə uyğun olar, həm də regionda dil diplomatiyasının inkişafına xidmət edər”.
Zaira Akifqızı
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.