AZ

Azərbaycanın aqrar sektoruna xarici ölkələrin marağı artır

Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb və bu təkcə tez-tez qeyd etdiyimiz enerji sahəsinə aid deyil. Ölkəmizin iqtisadi əlaqələrinin coğrafiyasının geniş olduğu kimi, əməkdaşlıq etdiyi sahələr də çoxşaxəlidir. Aqrar sahədə də bir çox ölkələrlə uğurlu əməkdaşlıq əlaqələri qurulub.

Təqdirəlayiq haldır ki, hazırda ölkəmizlə kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək, yaxud mövcud əlaqələri genişləndirmək istəyində və qərarında olan ölkələrin sayı getdikcə artır. Məsələn, Bolqarıstanın kənd təsərrüfatı və ərzaq naziri Georgi Tahov ölkəsinin Azərbaycanla dost olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini bir daha vurğulayıb. Qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır. O, ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini deyib.

Bu günlər Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bolqarıstanda səfərdə olarkən hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti barədə müzakirələr aparıb. Qarşı tərəfə ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan da Bolqarıstan ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının, eləcə də kənd təsərrüfatı üzrə birgə İşçi Qrup arasında fəaliyyətin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, Azərbaycanda yetişdirilən meyvə və tərəvəz məhsullarının Bolqarıstana ixracı, ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin müasir texnologiyaların transferi, tingçilik, bitki seleksiyası, akvakultura və balıqçılıq sahəsində əməkdaşlıq, spirtli içkilərin istehsalı sahəsində təcrübə mübadiləsi, hər iki ölkədə təşkil olunan beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələlərindən danışılıb.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.

Eləcə də qardaş Türkiyə ilə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də etibarlı tərəfdaşlıq mövcuddur. Ölkələrimiz aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq edirlər. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqrar sahə ilə bağlı həyata keçirdiyi layihələr böyük əhəmiyyət daşıyır. İki ölkənin iş adamlarının iştirakı ilə aqrar sahə üzrə birgə forumlar və digər tədbirlər əlaqələrin daha da güclənməsinə dəstək verir.

Hələ iki il əvvəl tərəflər "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında" Niyyət Bəyannaməsi imzalayıblar. Bəyannamədə Türkiyədə həyata keçirilən kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi fəaliyyətlərinin Azərbaycan Respublikasında tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsinin aparılması niyyəti öz əksini tapıb. 

Azərbaycan ilə Belarusun da aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqları hamıya məlumdur. Ölkələrimiz kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsinə maraq göstərirlər. Tərəflər Belarus və Azərbaycanda hər il təşkil olunan "Belagro" və "CaspianAgro" sərgilərində qarşılıqlı şəkildə iştirak edirlər. Bu sərgilər aqrar sahədə fəaliyyət göstərən iş adamları və fermerlərin yeni məhsul və texnologiyalarla tanış olmasına şərait yaradır.

Dost Belarus ölkəsi Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı sahəsində apardığımız genişmiqyaslı işləri də dəstəkləyir. Bunu keçən ilin may ayında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ölkəmizə rəsmi səfəri çərçivəsində azad edilmiş ərazilərimizdə olarkən də əyani gördük. 

Hazırda Belarus Ağdam rayonunda Aqrar şəhərciyin yaradılmasına dəstək verir. Bu günlərdə baş nazirin müavini Samir Şərifov məlumat verərək bildirib ki, Belarusun Baş nazirinin müavini Natalya Petkeviçlə Ağdama səfər zamanı layihə üzrə müzakirələr aparılıb. Hazırda Ağdamın Qızıl Kəngərli kəndində layihələndirmə işləri görülür. Ərazidə quşçuluq təsərrüfatı, ət və süd istehsalı müəssisələrinin qurulması planlaşdırılır. Layihələndirmə Belarus, investisiya isə Azərbaycan tərəfindən təmin olunacaq. 

Macarıstan şirkətləri isə Azərbaycanın kənd təsərrüfatının modernləşdirilməsində iştirak etmək niyyətindədirlər. Ümumiyyətlə, bu iki ölkə arasında iqtisadi əməkdaşlığa Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək istəyi müsbət təsir göstərir. Azərbaycanın strateji diversifikasiya sektorlarına kənd təsərrüfatı və qida emalı sektorları da daxildir. Bu sektorlar çərçivəsində Macarıstan ixrac qabiliyyətinə malik KOB-lar vasitəsilə Azərbaycanı yüksəkkeyfiyyətli, faydalı texnologiya ilə təmin edə bilir. Macarıstanla Azərbaycanın bu sahədə də əməkdaşlığının perspektivlərti böyükdür.

Ölkəmizlə aqrar sektorda əməkdaşlıq etməkdə maraqlı olan digər ölkələri də göstərmək olar. Bütün bunlar Azərbaycanın özünü etibarlı tərəfdaş kimi təsdiq etməsindən, Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsinə böyük vüsət verməsindən, o cümlədən son dövrlər ölkədə aparılan uğurlu aqrar islahatlardan qaynaqlanır.

Flora SADIQLI, 

"Azərbaycan"

Seçilən
27
azerbaijan-news.az

1Mənbələr