Ölkədə son illər tikinti, kommunikasiya və abadlıq işlərinin artması şəhərlərin ümumi infrastrukturunun inkişafı baxımından müsbət hadisə sayılsa da, bu prosesin bəzən uzunmüddətli və nizamsız aparılması yaşayış məskənlərində və əhalinin gündəlik həyatında ciddi narahatlıqlar yaradır.
Şəhər və ya qəsəbələrdə yeni infrastrukturun yaradılması və ya yol təmiri adı ilə aylarla uzanan işlər mövcuddur. Yollar müxtəlif xidmət təşkilatları - ADSEA, "Azəristiliktəchizat", "Azəriqaz" və s. qurumlar tərəfindən qazılır, sonra uzun müddət bərpa olunmur, AAYDA tərəfindən asfalt örtüyünün salınması gecikdirilir, nəticədə ərazilər "yarımçıq inşaat zonası"na çevrilir. Belə mənzərə həm nəqliyyatın normal hərəkətinə, həm də piyadaların gediş-gəlişinə mane olur.
Problemin kökündə əsasən bir neçə amil dayanır. Əvvəla, layihələrin icrasında koordinasiya zəifdir. Məsələn, müəyyən bir küçədə təbii qaz və ya su xətlərinin dəyişdirilməsi başa çatdıqdan sonra həmin yolun bərpası üçün digər qurumu həftələrlə, bəzən aylarla gözləmək lazım gəlir. Bu vaxt ərzində dağıdılmış ərazi açıq vəziyyətdə qaldığından torpaq çökür, yağış yağdıqda palçıq əmələ gəlir, yayda isə toz qalxır. Ən əsası, vurulan asfalt örtüyünün altı boş olduğu üçün yolu əvvəlki vəziyyətə gətirmək mümkün olmur. Nəticədə yol getdikcə keçilməz hala düşür.
Bundan başqa, bəzi hallarda podratçı şirkətlər işə vaxtında başlayır, lakin çox keçmir, texniki və maliyyə səbəblərdən onu dayandırır. Büdcə vəsaitlərinin mərhələli ayrılması, tender mexanizmlərindəki gecikmələr və ya layihə sənədlərindəki dəyişikliklər nəticəsində işin sürəti aşağı düşür. Bu zaman yolun bir hissəsində işlər tamamlanır, digərində isə heç başlamır da. Halbuki dünyada bu kimi problemlərin qarşısı ciddi planlaşdırma və məsuliyyət mexanizmləri ilə alınır, növbəlilik əsasında iş rejimi tətbiq olunur. Məsələn, Almaniya, Yaponiya, Cənubi Koreya və Skandinaviya ölkələrində yol tikintisi və təmiri işlərinə başlamazdan əvvəl bütün kommunikasiya xətləri, layihənin mərhələləri və icra qrafiki bir mərkəzdən idarə edilir. Hər bir addım üçün konkret vaxt müəyyən olunur və gecikməyə yol verən podratçılar cərimələnir. Əlavə olaraq, işlər çox vaxt gecə saatlarında, yəni nəqliyyatın minimal olduğu vaxtda aparılır, eyni zamanda problemin tez aradan qaldırılması üçün daha çox işçi qüvvəsi cəlb olunaraq növbəlilik tətbiq edilir. Bununla həm tıxacın qarşısı alınır, həm də şəhər həyatının gündəlik ritmi pozulmur.
Amma bizdə çox zaman tikinti və abadlıq işləri günün pik saatlarında - hərəkət sıxlığı zamanı həyata keçirilir. Bu isə həm sürücülərin əsəblərinin gərilməsinə, həm də işin səmərəsinin azalmasına gətirib çıxarır. Bundan başqa, müvəqqəti alternativ yollar müəyyən edilmir və təmir gedən əraziyə yaxın yerlərdə xəbərdarlıq nişanları quraşdırılmır. Yol abadlığı ilə bağlı digər problem işin keyfiyyətinə lazımi nəzarətin olmamasıdır. Bəzən asfalt örtüyü elə tələsik salınır ki, bir neçə ay sonra dağılır, qabarmalar və çatlar yaranır. Bu da dövlət büdcəsindən ayrılan vəsaitin səmərəsiz istifadəsi deməkdir. Əgər iş keyfiyyətli aparılsa, eyni yolda təkrar-təkrar təmirə ehtiyac da qalmaz.
Bütün bunların qarşısını almaq üçün əsas çıxış yolu vahid idarəetmə və dəqiq planlaşdırmanın tətbiqidir. Yəni bir küçə və ya prospektdə aparılan bütün kommunikasiya və abadlıq işləri eyni mərkəzdən həyata keçirilməlidir ki, işlər ardıcıl və vaxt itirilmədən görülsün.
Yol tikintisi təkcə texniki deyil, həm də sosial məsuliyyət məsələsidir. Çünki o, vətəndaşın və şəhərin gündəlik həyatına birbaşa təsir göstərir. Uzunmüddətli qazıntılar, bitməyən işlər və dağılmış yollar əhalinin fiziki və psixoloji rahatlığına mənfi təsir etməklə bərabər, şəhərin normal ritmini də pozur. Gəlin unutmayaq ki, bir şəhərin müasirliyi onun yollarının vəziyyəti ilə də ölçülür. Əgər biz inkişaf etmiş şəhər mühitindən danışırıqsa, o zaman yolların da səliqəli və təhlükəsiz olması vacibdir.
Nərminə ƏSGƏROVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"