AZ

"Bavariya" PSJ ilə oyundan əvvəl UEFA-ya etiraz təqdim edib

"Bavariya" PSJ ilə oyundan əvvəl UEFA-ya etiraz təqdim edib

Almaniyanın “Bavariya” klubu Paris polisinin hərəkətləri ilə bağlı UEFA-ya rəsmi etiraz təqdim edib. Münhen təmsilçisi bu addımı Çempionlar Liqasının ümumi mərhələsində Fransanın “Pari Sen-Jermen” klubu ilə qarşılaşma ərəfəsində atıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, matç 4 noyabr tarixində “Park de Prens” stadionunda keçiriləcək.

Klubun mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, Paris polisi bazar ertəsi oyuna aid xüsusi sərəncam yayıb. Sərəncama əsasən, “Bavariya” azarkeşləri şəhər kənarındakı ödənişli dayanacaqda toplaşmalı, yalnız buradan avtobuslarla stadiona yola düşməlidirlər. Digər azarkeşlərin isə yalnız ictimai nəqliyyatdan istifadə etməsi tələb olunur. Oyundan sonra bütün fanatlar əvvəl gəldikləri nəqliyyat vasitəsinə qayıtmalı, avtobuslar isə şəhərdən polis müşayiətilə çıxarılmalıdır.

“Bavariya” rəhbərliyi bu qərarın qısa müddətdə qəbul edilməsini və təhlükəsizlik vəziyyətində dəyişiklik baş verməməsini qəbuledilməz adlandırıb. Klub xatırladıb ki, 2023-cü ildə komandalar arasında keçirilən qarşılaşmada da oxşar məhdudiyyətlər tətbiq olunmuş, hətta PSJ azarkeşləri “Bavariya” fanatına hücum etmişdilər.

“Bu gözlənilməz qərarla bağlı məlumat alar-almaz UEFA-ya rəsmi etiraz təqdim etdik və əlavə hüquqi mexanizmlərdən də istifadə edəcəyik. “Pari Sen-Jermen” bu məsələdə “Bavariya”nı dəstəkləyir” - deyə açıqlamada qeyd olunur.

Hazırda “Bavariya” və “PSJ” Çempionlar Liqasının ümumi mərhələsində 9 xal toplayaraq turnir cədvəlinin lider qrupunda yer alırlar.

Seçilən
60
afn.az

1Mənbələr