AZ

Rumıniya Hollandiyadan 18 ədəd F-16 təyyarəsi alır: Simvolik qiymət – 1 avro

Rumıniya və Hollandiya arasında 18 ədəd F-16 Fighting Falcon qırıcı təyyarəsinin təhvil verilməsini nəzərdə tutan hökumətlərarası saziş imzalanıb.

Editor.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Feteşti şəhərindəki F-16 Pilot Təlim Mərkəzinin inventarında olan bu təyyarələr 1 avro müqabilində Rumıniya dövlətinin mülkiyyətinə veriləcək.

Eyni zamanda, Buxarest təyyarələrin və logistik dəstək paketinin təxminən 100 milyon avro dəyərində qiymətləndirildiyini, bu məbləğə uyğun olaraq 21 milyon avro Əlavə Dəyər Vergisi (ƏDV) ödəyəcəyini açıqlayıb.

Razılaşmanın imzalanma mərasimində çıxış edən Rumıniyanın müdafiə naziri İonut Moşteanu qeyd edib ki, F-16 təlim mərkəzinin yaradılması Rumıniyanı bu tip təyyarələrə malik olan və ya gələcəkdə əldə etməyi planlaşdıran ölkələr üçün Avropanın əsas təlim mərkəzlərindən birinə çevirib.

Sazişə əsasən, Rumıniya NATO və tərəfdaş ölkələrdən olan pilotlara müəyyən sayda təlim kvotası təqdim edəcək. Müdafiə Nazirliyi vurğulayıb ki, bu təyyarələr yalnız təlim məqsədləri üçün istifadə ediləcək və heç bir döyüş əməliyyatında iştirak etməyəcək.

Qeyd edək ki, Rumıniya ilk F-16 qırıcılarını 2016-cı ildə Portuqaliyadan alıb və hazırda bu tipdən təxminən 50 ədəd döyüş təyyarəsini idarə edir. F-16 Pilot Təlim Mərkəzi həmçinin Ukraynalı pilotların hazırlanması üçün yaradılıb və bu təşəbbüs Kiyevə hərbi yardım çərçivəsində həyata keçirilir.

// Gülnarə Abasova, Editor.az

Seçilən
47
editor.az

1Mənbələr