AZ

Avropa ali təhsil məzunlarının karyera və bacarıqları: EURO GRADUATE 2022

Avropa İttifaqı tərəfindən cari ildə ali təhsil məzunlarının məşğulluq, karyera inkişafı və sosial nəticələrini izləməyə yönəlmiş pilot sorğusu olan “EURO GRADUATE 2022” nin nəticələrinə dair hesabat təqdim olunub.

TƏHSİL.BİZ xəbər verir ki, Təhsil İnstitutu tərəfindən hazırlanan Beynəlxalq Təhsil İcmalının oktyabr sayında hesabatdan çıxarışlara yer verilib.

Sorğu 170 000-dən çox məzun olmaqla 18 ölkədə həyata keçirilib. Sorğuda uzunmüddətli nəticələri izləmək üçün (məzuniyyətdən 5 il sonra) 2016/2017 ci-il məzunları, ilk karyera mərhələlərini qiymətləndirmək üçün (məzuniyyətdən 1 il sonra) isə 2020/2021 ci il ailə təhsilli məzunlar iştirak edib. Sorğunun aparılmasında məqsəd Avropa Təhsil Məkanının inkişafına və Avropa Komissiyasının 2025-ci ildə qəbul etdiyi “Union of Skills” təşəbbüsünə töhfə verməkdir. Bu təşəbbüs yüksəkkeyfiyyətli təhsil, təlim, eləcə də fasiləsiz öyrənmə imkanlarını inkişaf etdirməklə bacarıq boşluqlarını aradan qaldırmaq və kadr çatışmazlığı problemini həll etmək məqsədi daşıyır. “Union of Skills” çərçivəsində əsas hədəflər gənclərdə baza və qabaqcıl bacarıqların səviyyəsini yüksəltmək, insanların müntəzəm olaraq yeni bacarıqlar öyrənməsinə şərait yaratmaq, eləcə də bacarıqların Sİ məkanında mobilliyini asanlaşdırmaqla istedadlı mütəxəssisləri qoruyub saxlamaqdır. Bu təşəbbüs kontekstində aparılan "EURO GRADUATE 2022" sorğusu mühüm rol oynayır.

"EURO GRADUATE 2022"nin nəticələri göstərir ki, Avropada yüksəkixtisaslı və rəqabətədavamlı işçi qüvvəsi formalaşmasında artım müşahidə olunur. Bu artım iqtisadi bərpa və davamlı inkişaf üçün həlledici amildir. Tədqiqat məzunların beynəlxalq mobilliyi barədə məlumatlar təqdim edir və nəticələrdən aydın olur ki, Cənub və Şərqi Avropa ölkələrində tələbə mobilliyi səviyyəsi ümumilikdə daha aşağıdır. Xüsusilə Portuqaliya, Rumıniya və Xorvatiya kimi nisbətən azgəlirli ölkələr pandemiya dövründə mobillik göstəricilərində ən kəskin azalma yaşayan ölkələr olub. Son dövrlərdə isə bu ölkələr arasında təhsil imkanları baxımından bərabərsizlik daha da artırıb.

Tədqiqatda məzunların əmək bazarına çıxışı və ölkələr üzrə fərqlərə dair məlumatlar da yer almaqdadır. Nəticələr əmək bazarına inteqrasiyasının ümumilikdə müsbət olduğunu göstərir. Belə ki, bakalavr səviyyəsində məzunların təxminən 90%-i məzuniyyətdən 5 il sonra əmək bazarında aktiv fəaliyyətlə məşğul olduqları məlum olmuşdur. Magistratura səviyyəsində məzunların isə hətta 1 il sonra bakalavr məzunları ilə eyni səviyyədə işlə təmin olunduğu qeyd olunur. Nəticələr göstərir ki, tədqiqata cəlb olunmuş ölkələrdə ali təhsilli şəxslər arasında işsizlik ümumi əhali ilə müqayisədə daha aşağıdır: bəzi ölkələrdə (məsələn, Avstriya, Çexiya, Almaniya, Estoniya və Sloveniya) ali təhsil məzunları üçün işsizlik problemi demək olar ki, mövcud deyil. Sürətli inkişafa isə Yunanıstan və Xorvatiyada rast gəlinir. 2018-ci ildə aparılan pilot tədqiqatının ilk fazasında Yunanıstan və Xorvatiyada ən yüksək məzun işsizliyi göstəriciləri 2-ci fazada kəskin azalaraq digər ölkələr səviyyəsinə yaxınlaşmışdır. Bundan əlavə, Avstriya, Sloveniya, Almaniya kimi ölkələrdə məşğulluq göstəricilərinin dəyişməz qaldığı hesabatda qeyd olunur. Bakalavr məzunlarının əmək bazarında iştirakı ölkədən ölkəyə də böyük fərqlər göstərir. Məsələn, Xorvatiya, İtaliya, Slovakiya və Sloveniya kimi ölkələrdə bakalavrların 40%-dən çoxu məzun olduqdan 1 il sonra təhsillərini (magistratura səviyyəsində) davam etdirmək qərarına gəlir. Bunun əksinə olaraq, Bolqarıstan, Estoniya, Latviya və Malta kimi ölkələrdə bakalavrların yalnız 10%-dən az bir qismi məzuniyyətdən sonra təhsilini davam etdirir. Bu bakalavr dərəcəsinin bəzi ölkələrdə birbaşa əmək bazarına çıxış üçün yetərli sayıldığını (yəni bakalavr dərəcəsinin peşəkar ixtisas kimi qəbul edildiyini), digər ölkələrdə isə bakalavr təhsilinin tələbələrin böyük hissəsi üçün magistr səviyyəsinə keçiddə ilk pillə olması ilə izah olunur.

Hesabatda həmçinin təhsil səviyyəsi ilə iş uyğunluğu: “Vertikal” və “Horizontal” uyğunlaşmaya dair məlumat da yer almaqdadır. Belə ki, ali təhsilin əmək bazarı ilə effektiv uzlaşmasını dəyərləndirən mühüm ölçülərdən biri vəzifə və təhsil səviyyəsi arasındakı uyğunluqdur (vertical match), yəni məzunun tutduğu işin onun təhsil pilləsinə adekvat olub-olmamasıdır. “EURO GRADUATE 2022" nəticələrinə görə, məzunların əksəriyyəti əldə etdikləri dərəcə səviyyəsinə uyğun işdə çalışdığını düşünür. Bakalavr səviyyəsi məzunlarının üçdə ikisi magistr səviyyəsi məzunlarının isə təqribən 52-57%-i öz təhsil səviyyələrinə müvafiq işdə çalışdıqlarını bildirmişlər. Həmçinin məzunların təxminən üçdə ikisi sahib olduqları ixtisas üzrə işlədiklərini də qeyd etmişdir.

Yəni nəticələr göstərir ki, ixtisas üzrə uyğunluq (horizontal match) göstəricisi də oxşar səviyyədədir. Tədiqat göstərir ki, 2016/2017-ci il məzunları (beş il təcrübəsi olanlar) arasında vertikal uyğunluq nisbəti 2020/2021 məzunlarına nisbətən yaxşıdır. Bu da zaman keçdikcə əmək bazarında təhsil-ixtisas uyğunluğunun yaxşılaşmasına nümunədir. Bununla belə, magistr dərəcəsinə sahib məzunların 40%-ə qədəri isə özlərini tutduqları vəzifədə artıq təhsilli (overqualified) hesab edirlər. Bu da hesabatda işəgötürənlərin məzunların bacarıqlarından tam yararlanmaması kimi izah olunur. 

Ölkələr arasında təhsil-ixtisas uyğunluğu göstəricilərinə görə ciddi fərqlərə dair məlumatlar da yer alır. Bunlardan Çexiya magistr dərəcəsinə sahib məzunların ixtisaslarına uyğun iş tapmaq ehtimalı çox yüksək olduğu halda, bakalavr məzunları üçün adekvat iş imkanları nisbətən məhdud ölkə olaraq təqdim olunub. Bunun tam əksi Şimali Kipr əmək bazarında müşahidə olunur. Şimali Kiprdə bakalavr məzunları üçün uyğun iş imkanları çoxdur, lakin magistr məzunları üçün yüksək ixtisas tələb edən vakansiyalar nisbətən azdır. Digər tərəfdən Norveç həm bakalavr, həm də magistr məzunları üçün yüksək səviyyədə uyğun iş tapmaq imkanlarının olduğu müsbət nümunə kimi qeyd olunur. Bolqarıstan isə istər bakalavr, istərsə də magistr dərəcəsinə sahib məzunların öz təhsil səviyyələrinə uyğun iş tapmaq şansı nisbətən aşağı ola ölkə kimi qərarlaşıb.

Tədqiqat məzunların ixtisaslaşdığı sahənin onların əmək bazarındakı perspektivlərinə güclü təsiri olduğunu da araşdırır. "EURO GRADUATE 2022"yə əsasən, İKT (informasiya-kommunikasiya texnologiyaları) və mühəndislik sahələrinin məzunları arasında işsizlik riski xeyli aşağıdır, onların daimi (müddətsiz) əmək müqaviləsi ilə iş tapmaq şansı daha yüksəkdir. Bu kontestdə həmçinin onların orta əməkhaqqı göstəriciləri ən yüksəkdir və işlərindən razılıq səviyyələri digər sahələrdə çalışanlarla müqayisədə daha yuxarıdır. Lakin İKT və mühəndislik proqramlarına qəbul olan qadınların sayı kişilərə nisbətən hələ də azdır və nəticədə bu sahələrin üstünlüklərindən daha çox kişilər faydalanmaqdadır.

Bu gender bərabərsizliyi tədqiqatda təkcə sosial ədalət məsələsi deyil, həm də iqtisadi baxımdan narahatedici məsələ kimi izah olunur. Nəticədə Avropada mövcud və perspektivli bacarıq çatışmazlıqlarının məhz İKT və ümumən STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) sahələrində olduğu qeyd edilir. Məhz bu səbəbdən Avropa Komissiyasının “Union of Skills” təşəbbüsü çərçivəsində də STEM sahələrinə qəbulun artırılması və qadınların bu sahələrdə iştirakının yüksəldilməsi strateji hədəflər kimi vurğulanır.

Hesabatda digər ixtisas məzunları üçün də əmək bazarında ümumən müsbət mənzərənin müşahidə olunduğu vurğulanır. Səhiyyə və təhsil (müəllim hazırlığı) yönümlü ixtisaslar üzrə məzunların işsizlik riski son dərəcə aşağı, öz təhsil profillərinə uyğun iş tapmaq ehtimalı isə çox yüksəkdir. Bu nəticə həmin proqramlar ilə konkret peşələr arasındakı sıx əlaqəni və bu sahələrdə kadrlara tələbatın həddən artıq böyük olduğunu göstərir. Tədqiqat göstərir ki, İKT və mühəndislik ixtisaslarında qadınlar, səhiyyə və müəllimlik sahələrində isə kişilər az təmsil olunur. Qeyd olunur ki, hər iki istiqamətdə gender bərabərsizliyinin aradan qaldırılması üçün atılacaq addımlar həm sosial, həm də iqtisadi səmərəliliyi artıra bilər.

Tədqiqatda məzunların gəlir səviyyəsinin ölkələr üzrə fərqləndiyi qeyd olunur. Belə ki, Avstriya, Almaniya və Norveç 2016/2017-ci il məzunlarının (məzuniyyətdən 5 il sonrakı dövr) saatlıq "gross" əməkhaqqı göstəricilərinə görə Avropa ölkələri arasında liderdir. Bu ölkələrdə orta saatlıq gəlir təxminən 21–25 avro aralığındadır. Bunun əksinə, Bolqarıstan, Kipr, Portuqaliya və Slovakiya məzunlarının (məzuniyyətdən 5 il sonrakı dövr) saatlıq əməkhaqqı miqdarı cəmi 9–10 avro civarındadır ki, bu da Avropa İttifaqına daxil ölkələr arasında məzun gəlirlərində ciddi regional fərqlərin olduğunu göstərir. Məzuniyyətdən bir il keçmiş gənc mütəxəssislər arasında magistr dərəcəsi olanlar bakalavr dərəcəsinə sahib olan mütəxəssislərlə müqayisədə ortalama 1,7 avro daha yüksək saatlıq əməkhaqqı əldə edirlər; 5 il ərzində (karyeranın ilk mərhələsində) bu fərq bir qədər artaraq təxminən 2,6 avroya çatır. Hesabatda qeyd olunur ki, daha yüksək təhsil dərəcəsi məzunlara əmək bazarında qazanc üstünlüyü versə də, ilk illərdə bu üstünlük nisbətən məhduddur və zamanla qismən yüksəlir.

“EURO GRADUATE 2022” məlumatlarına görə, məzunlar arasında gender əsaslı əməkhaqqı fərqi də müşahidə olunmaqdadır. Bu kəskin fərqin əsas səbəblərindən biri qadınların nisbətən yüksək ödənişli ixtisaslara (məsələn, İKT və mühəndislik) daha az yönəlməsidir. Gender yönümlü maaş fərqi gənc məzunlar (məzuniyyətdən 1 il sonra) arasında saatlıq 3 avro olduğu halda, il sonra bu fərq 4 avroya yüksəlir. Bu da göstərir ki, karyera irəlilədikcə və xüsusən də ailə qurma dövründən sonra qadınlarla kişilər arasındakı maaş fərqi artır. Bu problemi həll etmək üçün qadınların STEM kimi gəlir potensialı yüksək olan sahələrə cəlbini artırmaq və eyni zamanda iş yerlərində bərabər imkanlar yaratmaq istiqamətində siyasətlər tələb olunur.

Sorğuda ali təhsil məzunlarının müxtəlif növ bacarıqlara dair hazırlıq səviyyəsi də əsas meyarlardan olmuşdur. Nəticələrdən aydın olur ki, məzunlar qazandıqları bacarıqlara dair özlərini kifayət qədər hazırlıqlı hesab edir və bu bacarıqların hazırda tutduqları vəzifələrin tələblərinə uyğun (hətta bəzən onlardan yuxarı) olduğunu bildirirlər. Bütün bunlara baxmayaraq, məzunların ən az üçdə biri yetərli ixtisas bacarıqlarına, ünsiyyət, liderlik və idarəetmə bacarıqlarına sahib olmadıqlarını qeyd edir. Buna əsaslanaraq, ali təhsil müəssisələrinin tədris proqramlarında bu istiqamətdə bacarıqların daha sistemli şəkildə formalaşdırılmasına ehtiyac olduğu qənaətinə gəlinir. 

“EURO GRADUATE 2022”nin nəticəsi məzunların hazırki iş mühitində İKT bacarıqları baxımından ciddi boşluq hiss etmədiklərini ortaya qoyur. Bu müəyyən qədər müsbət hal kimi görünsə də tədqiqat müəllifləri bildirirlər ki, xarici əmək bazarı göstəriciləri tam əksini deyir. Avropada məhz İKT sektoru hazırda ən kəskin kadr çatışmazlığı dövrünü yaşayır. Bu paradoks onu göstərir ki, ali təhsil sistemi daxilində mövcud İKT təhsilli məzunlar üçün fərdi səviyyədə qənaətbəxş görünsə də makro səviyyədə iqtisadiyyatın ehtiyac duyduğu sayda və keyfiyyətdə İKT mütəxəssisini təmin etməkdə çatışmazlıq var. Araşdırma göstərir ki, ali təhsil sistemlərində tətbiq olunan tədris metodları məzunların bacarıqlarının formalaşmasına və son nəticədə onların karyera və sosial nailiyyətlərinə birbaşa təsir edir. Hazırda Avropa ölkələrinin əksəriyyətində ənənəvi tədris hələ də dominant üsullu olsa da, son illərdə tədrisdə fəal öyrənmə yanaşmalarının payı artmaqdadır. 2020/2021 məzunlarının (yeni nəsil məzunların) təhsil təcrübəsi 2016/2017 məzunları ilə müqayisədə bir qədər interaktiv olub, lakin bu sahədə irəliləyiş hələ ki intensiv olmadığı vurğulanır.

Tədqiqat fokus obyektindən biri də 2020/2021-ci il məzunlarının tələbəlik illərində xaricdə təhsil və ya staj keçmə təcrübəsi olmuşdur. Bildirilir ki, ümumilikdə Avropada tələbə mobilliyi göstəriciləri regiondan asılı olaraq fərqlidir: Portuqaliya, Rumıniya, Xorvatiya kimi nisbətən azgəlirli ölkələrdə xaricdə təcrübə qazanmış məzunların faiz göstəricisində azalma müşahidə olunur. Bundan əlavə ailəsində ali təhsilli kadr olmayan (akademik ənənəsi zəif) tələbələr xaricdə təhsil imkanlarından daha az faydalanırlar. Halbuki tədqiqat nəticələri göstərir ki, tələbə mobilliyi sosial mənşə ilə bağlı əmək bazarı bərabərsizliyini azalda bilən bir faktordur. Bu səbəbdən mövcud Erasmus+ kimi proqramlar çərçivəsində xüsusi olaraq az təminatlı ailələrdən olunların tələbə mobilliyinə cəlb olunmasına dair hədəfli tədbirlər görülməsi tövsiyə olunur.

“EURO GRADUATE 2022” təkcə məşğulluq yox, həm də ali təhsilin sosial nəticələrinə dair dəyərli məlumatlar da təqdim edir. Nəticələr göstərir ki, ali təhsil məzunları arasında demokratik dəyərlərə güclü dəstək müşahidə olunur. Məzunların 90%-dən çoxu demokratiyanı ən yaxşı idarəetmə forması kimi dəstəkləsə də yalnız 10% məzun siyasətdə fəal iştirak edə biləcəklərinə dair fikir bildirmişlər. “EURO GRADUATE 2022”nin prioritet mövzuları sırasında davamlı inkişaf və ətraf mühit mövzuları da yer almaqdadır. Nəticələr göstərir ki, təbii elmlər və riyaziyyat sahəsində təhsil alan məzunlar tədris dövründə ətraf mühit dayanıqlılığına dair mövzularla daha geniş şəkildə tanış olublar. 2020/2021-ci il məzunlar 2016/2017-ci il məzunları ilə müqayisədə tədris proqramlarında ekoloji dayanıqlılıq məsələlərinin əhatə dairəsinin yüksək olduğunu qeyd edib.

Ölkələr müqayisəsinə əsasən, 2016/2017-dən 2020/2021-ə qədər olan dövrdə ətraf mühit mövzularının kurikulumda geniş yer aldığını bildirən məzunların payı Avstriyada 19%-dən 29%-ə, Bolqarıstanda 23%-dən 31%-ə, Kiprdə 33%-dən 37%-ə, Xorvatiyada 18%-dən 28%-ə, Slovakiyada isə 27%-dən 31%-ə yüksələrək bu ölkələri ön sıralara çıxarmışdır. Çexiyada isə bu göstərici müvafiq olaraq 14%-dən 19%-a qalxmış və Avropa İttifaqı göstəriciləri üzrə ən aşağı səviyyədə qalmışdır.

Son olaraq, tədqiqatda ali təhsilin yalnız iqtisadi göstəricilərlə deyil, həmçinin məzunların sosial dəyərləri və vətəndaş mövqeyi ilə də ölçülməli olduğu vurğulanır. “EURO GRADUATE 2022” tədqiqatı məhz bu çoxşaxəli təsiri əhatəli şəkildə təhlil edərək Avropada ali təhsilin keyfiyyətinə və nəticələrinə dair daha dərin anlayış yaradır.

Hazırda hazırlanmaqda olan “EURO GRADUATE 2026” tədqiqatının nəticələrinin isə “Union of Skills” təşəbbüsü çərçivəsində yaradılacaq Bacarıqların Təhlili Observatoriyasına inteqrasiya ediləcəyi və bunun Avropa Təhsil Məkanının möhkəmləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Mənbə: European Commission: Directorate-General for Education, Youth, Sport and Culture, Mühleck, K., Jühlke, R., Köppen, L., Peter, F., Weßling, K., & Dau, J. (2025). Careers, competences and values of European higher education graduates in 2022 executive summary of the EUROGRADUATE 2022 survey, Publications Office of the European Union. https://data.europa.eu/doi/10.2766/5568356

Seçilən
71
tehsil.biz

1Mənbələr