Almaniya kansleri Fridrix Merts bazar ertəsi, bildirib ki, Suriyadan gələn qaçqınlar Almaniyanı tərk edib vətənlərinə qayıtmalıdırlar, çünki oradakı vətəndaş müharibəsi başa çatıb.
"Suriyadakı vətəndaş müharibəsi başa çatıb. Artıq Almaniyada sığınacaq üçün heç bir əsas yoxdur, ona görə də deportasiyalara başlaya bilərik", Merts Şlezviq-Holşteyn naziri-prezidenti Daniel Günter ilə birgə mətbuat konfransında izah edib.
O, qaçqınların əksəriyyətinin "könüllü olaraq ölkəyə qayıdıb onun yenidən qurulmasında iştirak edəcəyinə" ümid etdiyini bildirib, çünki onlar olmadan bu mümkün olmazdı. Merts əlavə edib ki, "Almaniyada olarkən qayıtmaqdan imtina edənlər, əlbəttə ki, gələcəkdə deportasiya edilə bilərlər".
Almaniya kansleri eyni zamanda, sığınacaq və işçi miqrantların qəbulu prosedurlarının ayrılması zəruriliyini bildirib. "Bizim hələ də əmək bazarına inteqrasiya edə biləcəyimiz və ya qismən artıq inteqrasiya etdiyimiz, lakin hələ də sığınacaq alma prosesində olan şəxslərin olması məni çox narahat edir. Gələcəkdə bu proseduru inzibati cəhətdən təkmilləşdirməyi, sığınacaq verilməsi və əmək bazarına inteqrasiya proseslərini tamamilə ayırmağı təklif edirik, məhz buna görə də "Work-And-Stay" agentliyi mövcuddur. Tərcümədə bu o deməkdir: bəli, işlə və qal," - deyə Merts qeyd edib.
Almaz Həsənli