AZ

“Ramiz Mehdiyevin senzurası qəlbində və beynindədir” – Əli Həsənovdan inanılmaz tərif

 

Son günlər ölkəmizdə keçirilən həbslər Prezident Administrasiyasının (PA)sabiq rəhbəri Pamiz Mehdiyevin kadrlar məsələsi baxımından ölkəmizə necə zərbələr vurduğunu nümayiş etdirməkdədir.

Bunu PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun sabiq rəhbəri barədə müsahibəsinin “Youtube” kanalında paylaşımı sübut edir.

Hər ikisinin “vəzifə belində” olduğu həmin çağlarda Əli Həsənov müsahibəsində fəxrlə bildirir ki, prezidentə təqdim olunan “delo”lar, şəxsi işlər, məqalələr, müraciətlər, məktublar məhz Ramiz Mehdiyevin baxışından keçəndən sonra dövlət başçısına göndərilirdi.

Müsahibənin həmin hissəsini redaktə etmədən, sabiq məmurun danışdığı tərzdə təqdim edirik:

“Bəzən olur ki, biz Ramiz müəllimə bu və ya digər kadrı təqdim edirik. Bu kadrı şöbəyə götürmək lazımdır və ya bizim rəhbərlik etdiyimiz digər qulluq sahələrinə götürmək lazımdır. Bizim orada buraxdığımız və yaxud fikir vermədiyimiz nüansları Ramiz müəllim tutur həmişə. İnsanların tərcümeyi-halında, insanların fəaliyyəti ilə bağlı bu və ya digər illərdə tərcümeyi halındakı məqamları o qədər dəqiqliklə və ustalıqla Ramiz müəllim tutur ki, biz həmişə deyirik ki, Ramiz müəllimin senzurasından keçdisə, deməli bu, yaxşı dövlət qulluqçusu və yaxşı məmur olacaq. Sözün həqiqi mənasında, Ramiz müəllimin yazılmamış və müəyyən olunmamış bir senzurası mövcuddur ki, o yalnız Ramiz müəllimin qəlbində və beynindədir”, – Əli Həsənov deyib.

Bu məqamda ritorik sual yaranır: Bəs necə olur ki, Ramiz Mehdiyevin “qəlbində və beynində olan yazılmamış və müəyyən olunmamış senzura”sı indiyədək həbs olunmuş icra başçılarının rüşvətxor və korrupsiya dolu fəaliyyətindəki “nüansları” DTX-dan öncə tuta bilməmişdi?!

Məsələn, indi həbsdə olan Vilyam Hacıyev məhz Ramiz Mehdiyevin “senzurası”dan keçdiyi üçün öncə Göygölün (26 mart 2004 – 7 fevral 2006), sonra Samuxun “7 fevral 2006 – 14 aprel 2012), daha sonra İmişlinin “14 aprel 2012 – 6 may 2020) icra başçısı olub.

Digər həbsə alınan Mahir Quliyev öncə Astaranın (8 sentyabr 2006 – 26 aprel 2011), sonra Biləsuvarın (26 aprel 2011 – 30 aprel 2020) icra başçısı olub.

DTX-nın birbaşa rüşvət aldığı yerdə yaxaladığı İsmayıl Vəliyev öncə Qobustanın (2005–2011), sonra Neftçalanın İcra Hakimiyyətinin başçısı (2011–2020) olub.

Dünyasını həbsdə dəyişmiş Nizaməddin Quliyev öncə Goranboyun (24 sentyabr 2009 – 5 aprel 2019), sonra isə Ağsafanın (2 aprel 2019- 19 dekabr 2019) icra başçısı olub və sair.

Bəlkə o zaman Ramiz Mehdiyevin başı öz kitablarının “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun vasitəsilə müxtəlif İcra Hakimiyyətlərində təqdimatlarının keçirilməsinə qarışdığından “senzura” yada düşmürmüş?!

Görünən budur ki, Ramiz Mehdiyevin PA-dan gedişindən sonra rüşvət, mənimsəmə üstündə icra başçılarının həbs olunması prosesi heç cür başa çata bilmir. Çünki onların əksəriyyəti məhz onun “qəlbində və beynində olan dəqiqləşdirilməmiş və müəyyən edilməmiş senzurası”ndan keçib.

Müdrik siyasətçilər deyirlər ki, dövlət məmurunun formalaşması prosesi uzun müddət tələb edir. Bununla razılaşmamaq qeyri-mümkündür.

Amma proseslər göstərir ki, Ramiz Mehdiyevin kadr “senzurası” üzrə icra başçıları təyin olunmuş məmurlar bu məsələdə istisna təşkil edirlər. Onlar fəaliyyətləri ilə deyil, könüllü şəkildə vəzifələrini tərk edəcəkləri təqdirdə, sözün həqiqi mənasında, vətənə xidmət etmiş olarlar. Təbii ki, mənimsədiklərini dövlətə könüllü şəkildə qaytarmaq şərtilə…

Ən əsası, Qarabağ işğaldan azad edilən kimi, çiyinlərimizdən necə ağır yükün qalxdığını hiss edən cəmiyyət 2019-cu ildə Ramiz Mehdiyev də PA rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra kadr məsələsi üzərindən “qara kölgə”nin də yox olduğuna şahid oldular.

Bunu Prezident İlham Əliyevin Qarabağda və Şərqi Zəngəzurda tətbiq etdiyi xüsusi nümayəndəliklər institutu sübut edir.

Xatirə SADİQ

Seçilən
18
nocomment.az

1Mənbələr