AZ

Əl-Faşerdəki faciə Xocalı soyqırımını xatırladır

Sudanda daxili münaqişələr minlərlə dinc insanın ölümünə səbəb olub

Hazırda dünyada mürəkkəb geosiyasi hadisələr baş verir, bir sıra ölkələrdə münaqişələr, qanlı toqquşmalar davam etməkdədir. Azərbaycan da tarix boyu terror və işğalın, xalqımızın kütləvi qırğınların və qətliamların qurbanı olub. Son 200 il ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların miqyası dəhşətlidir. XX əsrin sonlarında törədilən Xocalı soyqırımı da bunun sübutudur.

Təəssüf ki, hazırda da dünyanın bir sıra ölkələrində dinc insanların qırğınlara məruz qalması davam edir. Noyabrın 1-də Sudanın Azərbaycandakı səfirliyində yerli media nümayəndələri üçün “Sudanda baş verən son hadisələr (Əl-Faşer soyqırımı)” mövzusunda keçirilən mətbuat konfransında səfir Ənəs Eltayeb Elqaylani Mustafanın Əl-Faşer qırğınlarını Xocalı soyqırımı ilə müqayisə etməsi təsadüfi deyil. Diplomat deyib ki, Əl-Faşerdəki faciə Xocalı soyqırımını xatırladır və beynəlxalq təşkilatların susqunluğu insan hüquqlarına və ədalət prinsiplərinə ziddir.

Əl-Faşer şəhərində nə baş verir?

Qeyd edək ki, tarix boyu Sudanda dinc əhali dəfələrlə soyqırımına məruz qalıb. Hazırda da daxili silahlı münaqişələr nəticəsində kütləvi qırğınlar davam edir.   Əl-Faşer hadisələri də bunun göstəricisidir. Sudan ordusu ilə “Çevik Dəstək Qüvvələri” adlanan üsyançı silahlı qüvvələr arasında üçüncü ildir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb və ölkənin əksər hissəsini aclıq həddinə çatdırıb. Məlumata görə, 2024-cü ilin mayından Sudanın Əl-Faşer şəhəri mühasirəyə düşüb və bu il oktyabrın sonunda üsyançılar tərəfindən ələ keçirilib. Burada ölənlərin ümumi sayı 14 mindən çoxdur. Təkcə şəhər ələ keçiriləndən sonra iki minə qədər dinc insan qətlə yetirilib. 

Əl-Faşer şəhəri Sudanın Darfur bölgəsinin paytaxtıdır. Şəhərdə elektrik yoxdur, bazarlar boş, çörək sexləri bağlanıb, infrastruktur dağıdılıb. Mühasirə dövründə BMT ilə əlaqəsi olmayan könüllü missiyalar əhalinin cəmi 10 faizini qidalandıra bilirdi. Darfurda Sudanın ordusunun son istehkamı hesab olunan bu şəhər, üsyançı dəstələrin əlinə keçsə də, beynəlxalq ictimaiyyətdən ciddi reaksiya yoxdur. 2024-cü il 13 iyunda BMT Təhlükəsizlik Şurası 2736 saylı qətnaməsi dərhal blokadanın qaldırılmasını tələb edirdi. Lakin bu sənəd kağız üzərində qalıb.

Beynəlxalq ictimaiyyət susur...

ABŞ 2025-ci il yanvarın 7-də üsyançı silahlı dəstələrin Darfurdakı fəaliyyətini rəsmi olaraq soyqırım kimi tanıyıb. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru isə mütəmadi olaraq BMT Təhlükəsizlik Şurasına insanlığa qarşı cinayətlərin istintaqı barədə hesabat verir. Amma nə bu bəyanatlar, nə də “humanitar fəlakət” statusu Əl-Faşer sakinlərini xilas yoluna bir addım belə yaxınlaşdırmayıb.

Yeri gəlmişkən, noyabrın 1-də Sudanın ölkəmizdəki səfirliyində keçirilən tədbirdə bu ölkədəki vəziyyət, xüsusilə də Əl-Faşer şəhəri və Darfur bölgəsində baş vermiş faciə, eləcə də beynəlxalq ictimaiyyətin reaksiyası müzakirə olunub. Konfrans zamanı Sudanda törədilən terror və qətliamı əks etdirən videoçarx nümayiş etdirilib. Kadrlarda silahlı qruplar tərəfindən güllələnən qadınlar, öldürülən uşaqlar, ağaclardan asılmış insanlar, yandırılmış evlər və xəstəxanada qətlə yetirilmiş xəstələr görünür. Görüntülərdən aydın olur ki, qurbanların hamısı dinc əhalidir.

Səfir: Əl-Faşerdə son bir neçə gündə 2000 insan qətlə yetirilib

Sudanın fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa bildirib ki, bu cinayətlər və zorakılıq aktları minlərlə insanın evlərini tərk etməsinə, ölkə daxilində geniş miqyasda əhali yerdəyişməsinə səbəb olub: “Əl-Faşerdə son bir neçə gündə 2000 insan qətlə yetirilib, xəstəxanalarda müalicə alan şəxslər öldürülüb. Silahlılar qadağan edilmiş silahlardan, dronlardan istifadə edirlər. Onlar Çad, Liviya, Kolumbiya, Nigeriya və digər ölkələrdən olan muzdluları da öz sıralarına cəlb ediblər. Bu məsələ beynəlxalq təhlükəsizliyə də təhdid yaradır”.

Diplomat vurğulayıb ki, Sudan hökuməti hadisələrin beynəlxalq səviyyədə araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması və humanitar yardımın təmin edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib. Səfir əlavə edib ki, hökumət sülh və sabitliyin bərpası naminə bütün regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırdır.

Qeyd olunub ki, bölgədə hərbi əməliyyatlar və zorakılıqlar nəticəsində minlərlə dinc sakin qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, on minlərlə insan məcburi şəkildə öz evlərini tərk edib: “Müdafiəsiz mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirilir. Ancaq dünyanın digər böhranlarına münasibətdə beynəlxalq ictimaiyyətin Əl-Faşer soyqırımına münasibəti ləngiyir. Hazırda şəhərə humanitar yardımın çatdırılmasını təmin etmək üçün təcili tədbirlərə ehtiyac yaranıb. Sudanda yaşananlar müdafiəsiz, dinc insanlara qarşı törədilmiş ən dəhşətli soyqırım kimi tarixə həkk olunur. Bu hadisələr bölgəyə də təsir etməkdədir”. Əl-Faşer və ətraf ərazilər bu gün etnik təmizləmə və soyqırımı səviyyəsinə çatan kütləvi cinayətlərin şahididir.

Səfirlik beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını bu hadisələrə sərt reaksiya verməyə, cinayətkarları məsuliyyətə cəlb etməyə və silahlı qruplaşmanın terror təşkilatı kimi tanınmasına çağırıb. Vurğulanıb ki, bəzi xarici və regional qüvvələrin üsyançılara silah və maliyyə dəstəyi verməsi Sudan kəşfiyyat orqanları tərəfindən sənədlərlə sübuta yetirilib. Sudan hökuməti sülh və sabitliyin bərpasına, humanitar yardımın çatdırılmasına və siyasi həll yollarının tapılmasına sadiqliyini bir daha təsdiqləyib.

Nardar BAYRAMLI

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr