AZ

Nadir Azəri: "8 Noyabr, Azərbaycanın dünya miqyasında misilsiz Qələbəsidir”

Azərbaycan xalqının azadlıq, ədalət və milli ləyaqət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış ən möhtəşəm səhifələrdən biridir. Qələbə ruhunu, milli həmrəyliyi və xalqımızın əzmini əks etdirən bu gün münasibətilə QHT.az ölkəmizin müxtəlif ictimai birliklərinin rəhbərləri ilə əlaqə saxlayaraq onların fikirlərini öyrənib.

“8 Noyabr - Zəfər Günü, Azərbaycan xalqının milli qürur, qalibiyyət və birlik rəmzidir. Bu gün yalnız hərbi qələbənin simvolu deyil, həm də ərazi bütövlüyü uğrunda aparılan 30 illik mübarizənin tarixi qalibiyyətlə tamamlanmasının təntənəsidir”. 

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri QHT.az açıqlamasında bildirib. O, qeyd edib ki, 5 il öncə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə ilk növbədə Azərbaycanda Prezident-Xalq-Ordu birliynin təntənəsi idi:

“Məhz bu birlik nəticəsində, dəmir yumruq sayəsində  tarixi ədalət bərpa edildi. Elə buna görə də Zəfər Gününün hər il qeyd olunması, dövlətin gücünü, ordunun qüdrətini və xalqın sarsılmaz iradəsini nəsildən-nəsilə ötürmək baxımından mühüm tarixi, mənəvi və ideoloji əhəmiyyət daşıyır. 8 Noyabr eyni zamanda dövlət suverenliyinin bütün ölkə boyu bərpa edilməsinin “möhürünün vurulduğu” şanlı gün kimi də tariximizə düşüb. Bu gün biz azad, müstəqil və qalib bir ölkənin vətəndaşlarıyıq. Bunun üçün cənab Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Məhz 5 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu, sıradan bir qələbə deyildi. Bu, dünya miqyasında tayı-bərabəri olmayan tarixi bir qələbə idi. Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında bəyan etdiyi kimi son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.

QHT sədri deyib ki, məhz bu müharibədə əldə edilən tarixi zəfər nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa edildi:

“Bəli, biz suverenliyi öz gücümüzlə, alnımızın təri, qanımız və canımız bahasına əldə etmişik. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı ilə suverenlik tam şəkildə təmin edildi. Təbii ki, bütün bunların təməlində həm də 8 Noyabr Zəfəri dayanır. Elə buna görə də bu günün rəsmi dövlət bayramı kimi qeyd edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu qərar bir tərəfdən zəfərimizi tarixiləşdirirsə, digər tərəfdən də Azərbaycanın öz qəhrəmanlarını, şəhidlərini və qazilərini unutmayan, onların fədakarlığını yüksək dəyərləndirən bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirir”. 

 

Pərvanə Fərhadqızı

Seçilən
39
qht.az

1Mənbələr