AZ

"Brendləşmə Azərbaycanın iqtisadi imicini və rəqabət üstünlüyünü gücləndirir" - ŞƏRH EDİLDİ

"Yerli istehsal məhsullarının brendləşməsi Azərbaycanın ixrac strategiyasına çoxşaxəli və strateji təsir göstərir. Bu proses təkcə məhsulun xarici bazarda tanınmasını deyil, həm də ölkənin iqtisadi imicinin formalaşmasını təmin edən mühüm amildir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, brendləşmə ixrac olunan məhsulların əlavə dəyərini artırır. Yəni, Azərbaycan məhsulları təkcə xammal və ya yarımfabrikat kimi deyil, konkret keyfiyyət və etibar göstəricisinə malik brend məhsullar kimi təqdim olunur: "Bu, həm qiymət fərqini, həm də bazarda rəqabət üstünlüyünü artırır. Məsələn, “Made in Azerbaijan” konsepsiyası çərçivəsində ərzaq, kənd təsərrüfatı və sənaye məhsullarının brendləşdirilməsi ölkənin ixrac gəlirlərinin artmasına birbaşa təsir göstərir. Brendləşmə istehsalçılar arasında keyfiyyətli istehsal mədəniyyətini formalaşdırır. Brend yaratmaq üçün istehsal prosesində beynəlxalq standartların tətbiqi, ekoloji təmiz texnologiyaların istifadəsi və dayanıqlılıq prinsiplərinə riayət vacibdir. Bu da Azərbaycanın ixrac potensialını yüksəldən əsas meyarlar sırasına daxildir. Yerli brendlərin tanıdılması Azərbaycanın “yumşaq güc” (soft power) siyasətinə də müsbət təsir edir. Brend məhsullar ölkənin mədəniyyətini, ənənələrini və keyfiyyət imicini dünyaya tanıdır. Məsələn, Azərbaycan qida məhsulları, xalçaları və tekstil məmulatları artıq tədricən regional bazarlarda özünəməxsus imic qazanır. Bu proses, eyni zamanda, qeyri-neft sektorunun ixrac strukturunda payın artmasına gətirib çıxarır.

Brendləşmə həm də kiçik və orta sahibkarlığın ixrac fəaliyyətinə inteqrasiyasını sürətləndirir. Brendin olması məhsulun xarici bazarlarda tanınmasını və marketinq baxımından mövqelənməsini asanlaşdırır. Dövlətin bu istiqamətdə təqdim etdiyi dəstək mexanizmləri - “Azexport” portalı, ixrac missiyaları və “Made in Azerbaijan” təşviqləri - brendləşmə prosesini gücləndirən əsas alətlərdən biridir. Yerli istehsal məhsullarının brendləşməsi Azərbaycanın ixrac strategiyasını sadəcə məhsul satışından çox, iqtisadi imic, keyfiyyət və rəqabət üstünlüyü üzərində qurulan yeni mərhələyə daşıyır. Bu, həm ölkəyə əlavə valyuta axınının təmin olunması, həm də iqtisadi dayanıqlığın möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın ixrac strategiyasının gələcək uğuru məhz yerli məhsulların brend gücünə, onların keyfiyyətinə və beynəlxalq bazarlarda tanıdılma səviyyəsinə bilavasitə bağlı olacaq".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
16
1
sia.az

2Mənbələr