AZ

Suverenlik xalqın milli kimliyinin ən yüksək təsdiqidir

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilin strateji və mənəvi baxımdan aparıcı yönünü müəyyənləşdirib. Bu qərar müstəqil dövlətimizin 34 illik tarixində 2 önəmli hadisənin – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu və suverenliyimizi ölkə miqyasında bərpa etmiş Vətən müharibəsində Qələbənin 5-ci ildönümlərinin ilboyu yüksək anlayış və təntənələrlə qeyd olunması ilə yanaşı, müstəqil dövlətimizin hüquqi və siyasi inkişaf yolunda çatdığı səviyyənin dəyərləndirilməsini də nəzərdə tutub.

Sərəncamın mahiyyətində Azərbaycanın müstəqil dövlət kimi keçdiyi 34 illik suverenlik yolu, eləcə də 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın 30 illik təcrübəsi dayanır. Bu iki tarixi hadisə Azərbaycanın müasir dövlətçiliyinin hüquqi, siyasi və ideoloji əsaslarını müəyyən edir və hazırda da milli inkişaf strategiyasının ideya qaynağı kimi diqqət çəkir.

Xatırladım ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilib. Həmin vaxtdan etibarən bu sənəd xalqımızın müstəqillik arzularının hüquqi təsdiqinə, dövlət quruculuğunun bünövrəsi və gələcək inkişaf modelinin xəritəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya dövlətin demokratik, hüquqi və unitar əsaslar üzərində qurulmasını gerçəkləşdirib.

Əsas Qanunumuzun preambulasında diqqət çəkən “Azərbaycan xalqı dövlət müstəqilliyini qoruyub saxlamağa, insan hüquq və azadlıqlarını təmin etməyə qərarlıdır” müddəası müstəqil ölkəmizin azadlıq, ədalət və xalq hakimiyyəti kimi əsas ideya prinsiplərini ehtiva edib. Konstitusiyanın qəbulu Azərbaycanın dünyəvi, hüquqi və demokratik dövlət kimi beynəlxalq aləmdə tanınmasını şərtləndirib. Bu sənəd ötən müddətdə həm də xalqın tarixi iradəsinin və milli kimliyinin hüquqi ifadəsi kimi diqqət çəkib.

Onu da vurğulayım ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Uzun illərdən sonra xalq öz suverenliyinə sahib çıxdı. Çünki müstəqilliyin ilk illərində siyasi xaos, iqtisadi tənəzzül və separatçılıq təhlükəsi dövlətçiliyin əsaslarını sarsıtmışdı. Məhz belə bir şəraitdə 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etdi. Dahi şəxsiyyət qısa müddətdə hüquqi-siyasi sabitlik yaratdı, konstitusion dövlətin əsaslarını formalaşdırdı və milli müstəqilliyi dönməz etdi. Ümummilli liderin rəhbərliyi ilə hazırlanan Konstitusiya aktı isə hüquqi sənəd olmaqla bərabər, həm də milli iradənin siyasi manifesti idi. Bu sənəd Azərbaycan dövlətçiliyinin XXI əsrə keçidini şərtləndirdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Konstitusiyasının müddəaları həyatın bütün sahələrində praktik məzmun qazanıb. Dövlətimizin başçısı Ulu öndərin əsasını qoyduğu hüquqi dövlət konsepsiyasını yeni dövrün tələblərinə uyğun inkişaf etdirib. 2009-cu və 2016-cı illərdə keçirilən ümumxalq referendumları nəticəsində Konstitusiyada mühüm dəyişikliklər olunub.

Bu dəyişikliklərlə dövlət idarəçiliyinin çevikliyi artırılıb, insan hüquqlarının müdafiəsi gücləndirilib, dövlət orqanlarının məsuliyyəti və səmərəliyi gerçəkləşdirilib. Bu islahatlarla Azərbaycanda hüquqi dövlətin normativləri ilə yanaşı, həm də real modeli yaradılıb. Belə bir şəraitdə isə təbii ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan dövlətinin əsas məqsədlərindən biri vətəndaşın rifahını yüksəltməkdir. Dövlətin əsas məqsədi insanı, onun hüquq və azadlıqlarını qorumaqdır” prinsipi önə çəkilib.

Azərbaycanın müstəqillik tarixinin ən möhtəşəm hadisəsi 2020-ci il sentyabın 27-də başlanan və 44 gün çəkən Vətən savaşında əldə edilən Böyük Qələbə oldu. Bunun nəticəsində respublikamızın beynəlxalq hüquqla tanınmış sərhədləri üzərində real nəzarət gerçəkləşdirildi. Bu Zəfər hərbi-siyasi önəmi ilə bərabər, həm də hüquqi məzmun daşıması ilə diqqət çəkdi. Başqa sözlə, Konstitusiyada təsbit olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi toxunulmazdır” prinsipi reallığa çevrildi. Eyni zamanda, ölkəmiz bu Qələbə ilə suverenliyini bəyan etməklə yanaşı, həm də onu qorumaq və bərpa gücünə malik olduğunu sübuta yetirdi. Bu, müstəqil dövlətimizin hüquqi-siyasi qüdrətinin ən ali təzahürü idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar isə dövlət idarəçiliyində keyfiyyətcə yeni bir mərhələ açdı. Məhkəmə sisteminin humanistləşdirilməsi, korrupsiya ilə mübarizə, ədalətə əlçatanlığın artırılması istiqamətində ardıcıl layihələr reallaşdırıldı. “Elektron məhkəmə”, “ASAN xidmət”, “DOST mərkəzləri” kimi təşəbbüslərin gerçəkləşdirilməsi ilə vətəndaş məmnunluğuna əsaslanan idarəçilik modelinin təməli qoyuldu. Bu institutların vasitəsilə Konstitusiyanın şəffaflıq, bərabərlik, hüququn üstünlüyü və dövlətin sosialyönümlüyü kimi əsas prinsiplərin həyata keçirilməsinə başlandı.

Respublikamız artıq təkcə milli qanunvericilik səviyyəsində deyil, həm də beynəlxalq hüquq sistemində etibarlı tərəfdaş kimi tanınır. İnsan hüquqlarının müdafiəsi, gender bərabərliyi, sosial rifah, ekoloji hüquqlar və vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində atılan addımlar ölkəmizin hüquqi modernləşmə modelini formalaşdırıb.

Azərbaycan bu gün beynəlxalq aləmdə suverenliyini qorumaqla yanaşı, hüquqi ədalətin təntənəsi uğrunda da fəal mövqe tutur. Qarabağ Zəfərindən sonra regionda formalaşan yeni hüquqi-siyasi reallıqlar respublikamızın beynəlxalq hüquq prinsiplərinə sadiqliyinin bariz sübutudur. Ölkəmizin milli qanunvericilik səviyyəsində, eləcə də beynəlxalq tribunada ədalət, bərabərlik və dövlət suverenliyinin qorunması prinsiplərinin müdafiəçisinə çevrilməsi də bunun bariz ifadəsidir.

Respublikamızın son 30 illik dövlətçilik yolu hüquqi dövlət və suverenlik anlayışlarının bir-birini tamamlayan milli inkişaf sütunları olduğunu təsdiqləyib. Ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyi məktəbi və Prezident İlham Əliyevin müasir modernləşmə strategiyası bu iki prinsipi yeni məzmunla zənginləşdirib.

Azərbaycan bu gün regionda hüquqi dövlətçilik ənənələrinə, siyasi sabitliyə, vətəndaş həmrəyliyinə və iqtisadi dayanıqlığa malik nadir ölkələrdəndir. “Konstitusiya və Suverenlik İli” isə bu nailiyyətlərin üzərində qurulan milli dövlətçilik fəlsəfəsinin yeni mərhələsinin möhtəşəmliyini – hüququn aliliyi, milli iradə və suveren dövlət ideyası təntənəsini dünyaya çatdırır.

Sonda bildirirəm ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması yubiley hadisəsi olmaqla bərabər, eyni zamanda, Azərbaycan cəmiyyətinin hüquqi düşüncəsinin inkişafı üçün geniş bir ideoloji platformadır. Bu il ərzində dövlət və cəmiyyətin bütün sahələrində hüquqi maarifçiliyin gücləndirilməsi, dövlətçilik ənənələrinin təbliği və vətəndaş məsuliyyətinin artırılması istiqamətində mühüm təşəbbüslərin həyata keçirilməsi də bu fikrin bariz ifadəsidir.

Bu təşəbbüslər gənc nəslin milli dəyərlərə, dövlət atributlarına və Konstitusiya prinsiplərinə hörmət ruhunda tərbiyə olunmasını şərtləndirir və Azərbaycan hüquq elminin, idarəetmə təcrübəsinin və vətəndaş cəmiyyəti institutlarının daha da inkişafına təkan verir.

Hümbət SƏLİMOV,
Balakən Rayon Məhkəməsinin sədri

Seçilən
45
1
xalqqazeti.az

2Mənbələr