Bakı, 4 noyabr, AZƏRTAC
Cəmiyyətin və dövlətin inkişafında 3 aspekt mühüm rol oynayır. Birincisi, kitabların nəşri, ikincisi, universitetin yaradılması, üçüncüsü isə Elmlər Akademiyasının qurulmasıdır.
Bunu Monteneqro Elmlər və İncəsənət Akademiyasının prezidenti akademik Draqan Vukçeviç AMEA-nın 80 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda çıxışı zamanı bildirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Draqan Vukçeviç 80 il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığını qeyd edərək, bu əlamətdar gün münasibətilə azərbaycanlı həmkarlarını təbrik edib və bu hadisənin yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
“Qeyd etmək istərdim ki, iki ölkənin elmi qurumları artıq bir neçə ildir əməkdaşlıq edir. Həmçinin Monteneqro ədəbiyyatı Azərbaycan dilinə tərcümə edilib. Ümid edirəm ki, gələcəkdə elmi əməkdaşlıq daha da intensivləşəcək”, - deyə o söyləyib.